Yuxarı

Avropa Seçkilərin Müşahidəsi Akademiyası: Referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənib

Referendum prosesləri beynəlxalq standartlara uyğun keçib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyası sentyabrın 26-da Azərbaycanda Konstitusiya islahatlarına dair keçirilmiş referendumla bağlı bəyanatla çıxış edib. 

"Report"un məlumatına görə, sənəddə bildirilib ki,12 Avropa ölkəsindən olan 35 parlamentari və ekspert “Avropa Seçkilərin Müşahidəsi Akademiyası” beynəlxalq QHT-sinin üzvü kimi referendumu müşahidə etdi: "Müşahidəçilərin çoxu Avropa Şurası Parlament Assambleyası və ya ATƏT Parlament Assambleyası kimi qurumların indiki və keçmiş üzvü olaraq seçkilərin və referendumun müşahidəsində böyük təcrübəyə malikdir. Bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən cari Azərbaycan Respublikası qanunvericiliyinə əsasən təşkil edilib. Mərkəzi Seçki Komissiyası (MSK) əmin edib ki, kampaniyalar üçün kifayət qədər yer, eyni zamanda pulsuz efir vaxtı və qəzetlərlərdə bölmələr ayrılıb. Qeyd edilib ki, referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıb. Seçicilərə adlarının seçici siyahısında olub-olmamasını MSK-nın veb-saytında yoxlamaq üçün şərait yaradılıb. Bir neçə dəfə səsvermənin qarşısını almaq məqsədilə adları seçici siyahılarında olmayan seçicilər şəxsiyyət vəsiqələrini təqdim etməklə adlarını siyahıya əlavə etdirib və səs veriblər. Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayır. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb".

Bəyanatda vurğulanıb ki, ASMA müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıb: "Referendum günü ölkə boyu dinc keçİB, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olUB. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılırdı. MSK-nın səsvermə məntəqələrinin 20%-də quraşdırdığı veb-kameralar səsvermə proseslərini onlayn müşahidəyə imkan yaradırdı. Ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb. Bəzi səsvermə məntəqələrində müəyyən sayda cüzi texniki problemlər qeydə alınıb, lakin səsveməyə təsir etməyib. Bəzi hallarda müşahidəçilər komissiya masasından uzaqda yerləşdirilib. Digər tərəfdən, səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi. Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını tam izlədi və heç bir mühüm problem qeydə almadı. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi".

Sənəddə qeyd olunub ki, referendum seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənib: "Venesiya Komissiyası ilkin rəyində insan hüquqları sahəsindəki islahatlar barədə müsbət fikirlər bildirib, lakin prezident mandatını gücləndirən təklifləri tənqid edib. Biz xarici müşahidəçilər kimi, düzəlişlərin mahiyyətinə müdaxilə etmək istəmirik. Lakin qeyd edirik ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə etdi. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçicilər tərəfindən ifadə edilib. Seçicilər qeyd ediblər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi və beynəlxalq iqtisadi və maliyyə böhranı bugünki çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir. Sonda beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə çağırır və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa dəvət edir. Onlar eyni zamanda ölkəni beynəlxalq demokratik standartları və xüsusilə ATƏT və Avropa Şurasının qətnamə və öhdəliklərinə riayət etməyi davam etdirməyə həvəsləndirir. Onlar həmçinin bütün beynəlxalq təşkilatları MSK və Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqu davam etdirməyə çağırır".

Qeyd edək ki, ASMA Müşahidə Missiyasına Malta parlamentinin spikeri, deputat Anglu Farrugia rəhbərlik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi