“RBK” kanalı: İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib

“RBK” kanalı: İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib Rusiyanın “RBK” kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb
Xarici siyasət
193
11 Mart , 2021 10:53
“RBK” kanalı: İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib

Rusiyanın “RBK” kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb.

"Report" xəbər verir ki, Artyom Potyomkinin müəllifi olduğu reportajda Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, İkinci Qarabağ müharibəsinin nəticələri, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri, bu torpaqlarda tarixi abidələrin bərpası və qorunması, Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları kimi gələcək taleyi və digər mühüm məsələlərə toxunulub.

Jurnalist işğaldan azad olunmuş ərazilərdə xarabaya çevrilmiş kənd və şəhərlərin görüntüləri fonunda bildirir ki, ilk dəfə bu ərazilərə müharibədən dərhal sonra, 2020-ci ilin dekabrında gəlib. Təxminən 30 il davam edən işğal dövründə bu ərazilər xarabalığa çevrilsə də, Qarabağın təbiətinin gözəlliklərinə heyran qalmamaq mümkün deyil. İndi isə Qarabağ döyüş meydanından tikinti meydanına çevrilir, yollarda tankları ekskavatorlar, kəşfiyyatçıları ilə yerölçənlər əvəz edir.

“Qarabağ münaqişəsi təxminən 4 ay bundan əvvəl bitib. İndi Ermənistan siyasi böhran içindədir, Azərbaycan cəmiyyəti isə əksinə, daha da birləşib. Bakının mərkəzində azərbaycanlıların böyük qürurla saldıqları Zəfər parkında Qarabağ müharibəsində qənimət götürülmüş erməni hərbi texnikası nümayiş etdiriləcək. Hansı ki, hələ bu yaxınlara kimi həmin tankların lüləyi Azərbaycana tuşlanmışdı”, - deyən “RBK”nın müxbiri qeyd edir ki, Azərbaycanın hər yerində “Qarabağ Azərbaycandır!” şüarlarına rast gəlmək olur. Şəhərdə 44 günlük müharibənin izləri artıq silinməkdə olsa da, bakılılar Qələbə sevinclərini gizlətmirlər.

Jurnalist Azərbaycan hökumətinin əcnəbi jurnalistlər üçün Qarabağa press-turlar təşkil etdiyini, işğal olunmuş ərazilərdəki kənd və şəhərlərin, daha doğrusu qalan xarabalıqların onlara nümayiş etdirildiyini vurğulayır və deyir ki, rəsmi Bakı tezliklə hər şeyin dəyişəcəyinə, xarabazara çevrilmiş bu torpaqlara dinc əhalinin qayıdacağına əmindir.

A.Potyomkinin media nümayəndələri üçün keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevə “rusiyalı sülhməramlıların Qarabağ ərazisini tərk etdikdən sonra Laçın dəhlizinin taleyi” ilə bağlı ünvanladığı sualına cavabını da tamaşaçılarına təqdim edib. Prezident İlham Əliyev suala cavabında deyib: “İndi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur...Biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik”.

Azərbaycan dövlətinin başçısı Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyasının labüd proses olduğunu, Azərbaycanın bundan sonra daha da qüvvətlənəcəyini, Ermənistanın isə əməkdaşlıq etməsə yalnız zəifləyəcəyini müxbirin diqqətinə çatdırıb.

Müxbirin daha bir səfəri Laçın rayonunadır. Erməni vandalizminin növbəti nümunəsi - Ağoğlan kilsəsi. Ekrandan Alban-udi xristian dini icması üzvlərinin uzun illərdən sonra burada ilk dəfə ayin icra etdikləri görünür. Dini icmanın sədri Rafik Danakari alban-udilərin xristianlığı I əsrdə qəbul etdiklərini xatırladır, Ağoğlan kilsəsinə baş keşişin nə zaman təyin olunacağını deməyə çətinlik çəkir: “Bunu hələ ki, demək çətindir. Gördüyünüz kimi, ətrafda hər yer dağıdılıb”. R.Danakari ermənilərin kilsədə ibadət etməsinə anlayışla yanaşaraq deyir: “Bir şərtlə ki, ermənilər bu kilsənin alban-udi kilsəsi olduğunu bilməlidirlər”.

Reportajda Prezident İlham Əliyevin Qarabağda mədəni və dini abidələrin mühafizəsi barədə sözlərini xatırladılır: “İşğaldan azad edilmiş ərazilərdəki xristian dini və mədəni abidələrinə gəldikdə isə, heç kəsin şübhəsi olmamalıdır ki, onlar layiqincə qorunacaq. Yeri gəlmişkən, erməni zəvvarlar Kəlbəcər rayonundakı qədim Xudavəng alban məbədini sərbəst ziyarət edə bilərlər”.

A.Potyomkin azərbaycanlıların ermənilərlə yenidən birgə yaşaya biləcəyi barədə Bakı sakinləri arasında apardığı sorğudan belə qənaətə gəlir ki, bir qədər yaşlı nəsil buna hazırdır. Qarabağ münaqişəsi illərində doğulan gənclər isə dünənə kimi düşmən saydıqları ermənilərlə dostluğa ehtiyatla yanaşırlar.

“Azərbaycan ordusu döyüşə Füzuli rayonundan başlayıb. Bu dərə-təpəli yerlərdə döyüşləri yalnız ağır texnika ilə aparmaq mümkün idi. Uzaqda ermənilərin qurduğu müdafiə səngərləri görünür. Yerdə isə onların basdırdığı yüzlərlə mina qalıb. Bu səbəbdən Füzulinin azad edilmiş ərazilərində yalnız müəyyən edilmiş yollarla irəliləmək mümkündü: kənara atılan hər addım ölümə bərabərdir. İstehkamçılar və xüsusi təlim keçmiş itlər ərazilərin minalardan təmizlənməsi ilə məşğuldurlar. Şuşa yolunun da minalardan təmizlənməsinə ötən ilin sonundan başlanıb, işlərin yayda başa çatacağı gözlənilir”, - reportajda bildirilir.

Çəkiliş qrupunun yolu dağlaradır. Yolboyu müxbir minalardan təmizlənmiş ərazilərdə artıq əkin sahələrinin salındığını, vaxtı ilə üzümçülük sovxozu olmuş ərazidə isə ermənilərin tikanlı məftillər çəkdiyini müşahidə edir. Yolun kənarında kəndlərin adları yazılmış lövhələr basdırılsa da... kəndlərin özü yoxdur.

Müəllif qeyd edir ki, Azərbaycan Qarabağda üç aeroport tikmək niyyətindədir, quruculuq və bərpa işlərinə isə dost ölkələrin şirkətlərini dəvət edəcək. Füzuli aeroportunun ilk uçuş-enmə zolağı bu ilin payızında təhvil veriləcək. Aeroportdan çəkilən Zəfər yolu Azərbaycan ordusunu Şuşa doğru irəlilədiyi Qələbə yoludur. Füzulidə bir neçə rayonu elektrik enerjisi ilə təmin edəcək elektrik stansiyasının təməli də qoyulub.

Füzuli şəhərini apakalipsis haqqında filmlərin dekorasiyasına bənzədən rusiyalı müxbir uzaqda salamat qalmış yeganə binanın erməni hərbi hissəsi olduğunu deyir.

Reportajın sonunda “RBK”-nın çəkiliş qrupu Xocavənd rayonunun Böyük Tağlar kəndinə çatır: “Bu kənddə sovet dövründə Qarabağ azərbaycanlıları və erməniləri bir yerdə yaşayıblar. 1990-cı illərin əvvəllərində azərbaycanlıları bu kənddən qovublar. 2020-ci ilin noyabrında Azərbaycan bu torpaqları yenidən geri qaytarıb”.

Son xəbərlər

Orphus sistemi