Yuxarı

Ramil Usubov İranın Sərhəd Qoşunlarının komandanını qəbul edib

Qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib

Bakı. 9 mart. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir iki xalq arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb, Azərbaycanın öz tarixi müstəqilliyini yenidən bərpa etdikdən sonra təməli qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki ölkənin prezidentləri tərəfindən daha da genişləndiyini, Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 22-23-də İrana rəsmi səfəri, orada apardığı danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla bildirib. Qeyd edilib ki, ölkələr arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verir.

R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter alan transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.

Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Azərbaycanda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb və qeyd olunub ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.

General-mayor Qasım Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, Azərbaycanda yaradılan sabitlikdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib. O, qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanan sənədlər eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin və xalqların mənafelərinə tam uyğundur və bu, bütün sahələrdə, o cümlədən hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə müsbət təsir göstərir.

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi