​Ramil Usubov Gülhanə Hərbi Tibb Akademiyasının rəisi ilə görüşüb

​Ramil Usubov Gülhanə Hərbi Tibb Akademiyasının rəisi ilə görüşüb Nazir türkiyəli general-polkovnikə təşəkkür edib
Xarici siyasət
22 Aprel , 2015 15:27
​Ramil Usubov Gülhanə Hərbi Tibb Akademiyasının rəisi ilə görüşüb

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 22-də ölkədə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, general-polkovnik Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərlər nəticəsində iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran nazir Ramil Usubov rəhbərlik etdiyi qurumun Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb. Nazir ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu, qardaş ölkənin ali hərbi məktəblərində və Polis Akademiyasında Daxili İşlər Nazirliyinin xətti ilə 700-dən çox hərbi qulluqçu və müdavimin təhsil aldığını xüsusi qeyd edib və buna görə minnətdarlığını bildirib. O, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb komandanı - Gülhanə Hərbi Tibb Akademiyasının rəisinin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

General-polkovnik Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu, qısa zaman kəsiyində ölkənin olduqca sürətli və modern bir inkişaf yolu keçməsindən məmnunluğunu, ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladaraq, əlaqələrin bundan sonra daha da dərinləşməsinə çalışacaqlarını bildirib.                                 

Son xəbərlər

Orphus sistemi