Yuxarı

Rafael Hüseynov: Təzyiqlərlə Azərbaycanı düz yoldan çəkindirmək mümkün deyil

Azərbaycana qarşı iri xarici dövlətlərin apardığı gizli mübarizə çox zaman demokratiya pərdəsi altında həyata keçirilir

Bakı. 24 İyun. REPORT.AZ/ Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının növbəti iclasında Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzə ilə çıxış edib.

Deputat deyib: “Azərbaycan kimi mühüm geostrateji məkanda yerləşən, zəngin enerji ehtiyatlarına malik, bir sıra ölkələrin daimi maraq dairəsinə daxil olan ölkələr üçün müstəqil qalmaq nə qədər müşküldürsə, müstəqil siyasət apara bilmək bundan dəfələrlə qəlizdir. Elə Cənubi Qafqaz regionunda müstəqilliyi formal səciyyə daşıyan, xarici ölkənin forpostu sayılan, başqa dövlətin ixtiyarı öz əlində olmayan bir quberniyası kimi asılı rol oynayan ölkənin varlığı Azərbaycanın nə qədər mürəkkəb bir şəraitdə yaşayıb inkişaf etdiyinə əyani göstəricidir. Bu gün Azərbaycan çiçəklənən, sürətlə inkişaf edən, öz sözü, öz müstəqil siyasəti olan bir dövlətdir və buna mane olmaq istəyənlər də az deyil.

Maraqlıdır ki, Azərbaycana qarşı iri xarici dövlətlərin bilavasitə və ya da bir sıra beynəlxalq təşkilatlar vasitəsil ilə apardığı gizli mübarizə çox zaman insan hüquqları, demokratiya pərdəsi altında həyata keçirilir. Gizlətməyə ehtiyac yoxdur. Azərbaycanı təsir dairəsinə daxil etmək niyyətində olan böyük güclər Azərbaycanda indiki kimi güclü deyil, onlar öz qətiyyəti, dövlətçi iradəsi olmayan, kənardan asanca idarə edilə, yönəldilə bilən bir dövlət başçısı və hakimiyyətin varlığında maraqlıdırlar. Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər nə acı ki, bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçün bir möhtəkirlik vasitəsinə çevrilir. Xarici qüvvələrin belə addımlarla nəzərəçarpacaq uğur əldə edə bilməməsinin əsas səbəbi də odur ki, Azərbaycan müxalifəti də, geniş kütlələr də bu cəhdlərin səmimiyyətdən uzaqlığını, mahiyyətcə Azərbaycanın milli məafeyinə zidd olduğunu anlayır.

Bəli, bu gün Azərbaycanda həbsdə “vicdan məhbusu”, “siyasi məhbus” kimi qələmə verilən bir sıra şəxslər var. Onların xeyli hissəsi savadlı, qabiliyyətli, Avropa dillərinə bələd olan insanlardır. Mən qətiyyən istəməzdim ki, onlar məhbus həyatı yaşasınlar. Lakin istintaq materialları onların xarici xüsusi xidmət orqanları tərəfindən ələ alındığını danılmaz faktlarla sübut edir. Bu, Azərbaycana qarşı işləyən iri xarici güclərin son illərdə yürütdüyü siyasətin başlıca elementidir. Çünki casusluğa cəlb edilmiş tanınan bir hüquq müdafiəçisinin, bloggerin, jurnalistin ifşa edilərək həbs olunmasından sonra bu adlarla spekulyasiya və manipulyasiyalar etmək asandır. Onların casusluğa görə yox, guya məhz siyasi baxışlarına görə həbs edildiyini aləmə car çəkməklə Azərbaycana qarşı işləyən məkrli qüvvələr əlavə əks-təbliğat imkanı qazanmış olurlar. Azərbaycanda demokratik təsisatların bugünkü vəziyyəti ilə əlaqədar irəli sürülən əksər tənqidi fikirlərin arxasında ya bu ümdə həqiqəti bilməmək, ya da bilib dilə gətirməmək dayanır. Azərbaycan demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir və belə süni manelərlə, demoqik təzyiqlərlə onu düz yolundan çəkindirmək mümkün deyil.

Elə bu Avropa Şurası məktəbində demokratik dəyərlərə sadiqlik təcrübələri qazanmış Azərbaycan prezidenti İlham Əliyev də, həmin ideallara sadiq olan bizlər də həmişə ölkəmizə qarşı tətbiq edilən bu qəbil əsassız, qərəzli, saxta siyasət və cəhdləri rədd edəcək, onlara qarşı ardıcıl mübariz olacağıq. Bu modeliniz artıq ifşa edilib. Yaradıcı olun, başqa yollar arayın!”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi