Rafael Hüseynov: "ATƏT DTİHB-nin ilkin rəyi radikal müxalifətin böhtan xarakterli yazıları ilə üst-üstə düşdü"

Rafael Hüseynov: "ATƏT DTİHB-nin ilkin rəyi radikal müxalifətin böhtan xarakterli yazıları ilə üst-üstə düşdü"
Xarici siyasət
23 Aprel , 2018 19:03
Rafael Hüseynov: ATƏT DTİHB-nin ilkin rəyi radikal müxalifətin böhtan xarakterli yazıları ilə üst-üstə düşdü
Report

Strasburq. 23 aprel. REPORT.AZ/ "Azərbaycanda aprelin 11-də keçirilən Prezident seçkiləri son illərin ən şəffaf, demokratik və yaxşı təşkil olunmuş seçkilərindən biri idi".

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yaz sessiyasında çıxışı zamanı bildirib. 

"Mən respublika üzrə seçkiləri müşahidə edənlərdən biri idim. Ümumiyyətlə, Avropa Şurasının müşahidə missiyasının tərkibində bir sıra digər üzv ölkələrdə də seçkiləri müşahidə etmişəm. Azərbaycan bu sahədə çox irəli gedib, inkişafa nail olub. Müxtəlif ölkələrdən olan beynəlxalq müşahidəçilər də Azərbaycandakı seçkilərlə bağlı vəziyyəti öz hesabatlarında əks etdiriblər. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təqdim etdiyi ilkin rəy çox qəribədir. Demək olar ki, radikal müxalifətin seçkilərdən əvvəl dövriyyəyə buraxdığı böhtan xarakterli yazılarla üst-üstə düşdü. Bu nədir, əlaqəli şəkildə işləmək, ya eyni mərkəzdən idarə olunmaq? Belə qərəzli yanaşmalar istər-istəməz eyni sənədə imzasını qoymağa məcbur olan Avropa Şurasının nüfuzuna xələl gətirir. Ona görə də Avropa Şurasının seçkiləri müşahidə missiyalarının hansı qurumlarlasa birgə hesabat imzalamaq təcrübəsindən ləngimədən və mütləq imtina etməliyik", - o deyib.

R.Hüseynov AŞPA-nın tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hesabatını qeyri-obyektiv və qərəzli adlandırıb: "AŞPA-nı bu cür həssas məsələlərdə daha diqqətli olmağa çağırıram. Sanki əsas məqsəd problemin özü deyil, bir qrup deputatı və konkret ölkələri vurmaqdır. Digər tərəfdən, belə həssas siyasi hesabatlarda mütləq məsələnin hüquqi tərflərinə ciddi diqqət yetirilməlidir. Yazılan hər sözün arxasında tam sübut olunmuş məlumatlar, sənədlər dayanmalıdır”.