Qulam İshaqzai: “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” - MƏQALƏ

Qulam İshaqzai: “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” - MƏQALƏ Bu yol çətin, lakin ləyaqətli bir yol olacaq
Xarici siyasət
20 Aprel , 2021 10:00
Qulam İshaqzai: “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” - MƏQALƏ
Qulam İshaqzai

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı Rezident əlaqələndiricisi Qulam İshaqzai “Report” üçün “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” adlı məqalə yazıb. Məqaləni təqdim edirik:

2016-cı ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Rezident əlaqələndiricisi kimi Azərbaycana gəlişimdən sonra ölkə mühüm sosial-iqtisadi və geosiyasi çağırışlarla üzləşib. Onların bəziləri misli görünməmiş qlobal şokların nəticəsi idi. İlk olaraq neftin qiyməti düşməyə başladı və nəticədə 2015-ci və 2016-cı illərdə milli valyutanın iki dəfə devalvasiyası baş verdi. Bundan qaynaqlanan ikirəqəmli inflyasiya yoxsul təbəqəyə təsir göstərməyə başladı.

Sonra Dağlıq Qarabağ bölgəsində Ermənistanla münaqişənin alovlanması 2020-ci ilin sentyabrında mülki şəxslər və hərbçilər arasında çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı müharibəyə çevrildi. Bu, formalaşmış təsəvvürün əksinə olaraq, bütün beynəlxalq ictimaiyyətə münaqişənin “dondurulmuş” olmadığını aydın şəkildə nümayiş etdirdi.

Nəhayət, COVID-19 pandemiyası əhalinin bütün təbəqələrinə, xüsusən də ən yoxsul və həssas qruplara mənfi təsir göstərən digər ciddi sarsıntı oldu. Hökumətin pandemiyanın qısamüddətli təsirlərini aradan qaldırılması üçün atdığı addımlar təqdirəlayiq olsa belə, uzumüddətli təsirlərin aradan qaldırılması xeyli zaman alacaq.

Bu hadisələrin fonunda ümumi tendensiya çətinliklərdən alnıaçıq çıxan Azərbaycan xalqının möhkəmliyi və iradəsi oldu. Pandemiya ilə mübarizənin ön cəbhəsində vuruşan minlərlə işçi, könüllü və özəl şirkətlərin əhalini dəstəkləmək naminə göstərdikləri təmənnasız yardım hamıda ümid yaratdı. Hər kəs öz bacardığı kimi kömək etməyə çalışdı: şirkətlər və xeyriyyəçilər milyonlar ianə etdi, gənc könüllülər isə müxtəlif formada səfərbər olaraq, öz evlərində qalan qocalara, əlillərə dərman və ya ərzaq alıb aparırdılar.

Beşillik fəaliyyətimə nəzər salanda, mən, fürsətdən istifadə edərək, çətinliklər qarşısında inanılmaz qətiyyət nümayiş etdirən Azərbaycan xalqını təbrik etmək istərdim. Gələcəyə baxdıqda isə, bu təcrübələrdən lazımi dərslərin götürülməsi Azərbaycanın pandemiyadan daha yaxşı və güclü bir ölkə kimi çıxması baxımından çox vacibdir.

Ölkənin yuxarıda qeyd edilən çətinliklərin həllinə hazırlaşdığı bir vaxtda, Azərbaycanın 2030-cu ilə olan baxışını, o cümlədən milli inkişaf və bərpa strategiyasının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmasını dəstəkləmək üçün BMT-nin ölkə üzrə idarə heyəti hökumətlə yeni imzalanmış Əməkdaşlıq Çərçivəsini səfərbər etməyə hazırdır. Bu baxımdan, Dayanıqlı İnkişaf Məqsədləri COVID-19 və münaqişədən sonra inklüziv və güclü bərpa üçün yol xəritəsi kimi istifadə edilə bilər.

“Heç kimin kənarda qalmaması” vədinin yerinə yetirilməsinə on ildən az müddət qaldığı halda, milli inkişaf və bərpa strategiyalarının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşması həmişə olduğundan daha vacibdir. Milli siyasət ilə Azərbaycanın qlobal sazişlərə, eləcə də İqlim Dəyişikliyi haqqında Paris Razılaşmasına sadiqliyi arasında uyğunluq sosial-iqtisadi inkişafın ətraf mühit məqsədləri ilə tam uzlaşmasını təmin etmək baxımından çox əhəmiyyətlidir.

Bu yaxınlarda təqdim olunmuş “Azərbaycan-2030: sosial-iqtisadi inkişaf üçün milli prioritetlər strategiyası” sənədi növbəti onilliyin perspektivli başlanğıcıdır. Bu planda növbəti on il ərzində Azərbaycanın yüksək rifah cəmiyyətinə və güclü iqtisadiyyata sahib dövlətə çevrilməsi üçün iddialı məqsədlər və istəklər öz əksini tapır. Sevindirici haldır ki, bu Strategiyada Azərbaycanın 2030-cu il üçün gündəlikdən irəli gələn öhdəlikləri ilə milli siyasət prioritetləri arasında bağlılıq aydın şəkildə qeyd edilir.

Növbəti bir neçə ay ərzində planın icrası məqsədilə hökumətin beşillik strategiya hazırladığı bir vaxtda, insanlar və planetimizlə bağlı dəyişikliklərin köklü olmasını təmin etmək üçün aşağıda qeyd olunan bir sıra məsələlərə xüsusi diqqət ayrılmasına ehtiyac var.

Birincisi, planlaşdırma, icra və monitorinq mərhələlərində maraqlı olan müxtəlif tərəflərlə davamlı əməkdaşlıq qurulmalıdır. Ən uğurlu inkişaf strategiyaları inklüziv iştirak, o cümlədən vətəndaş cəmiyyəti, özəl sektor, akademik dairələr, gənclər hərəkatı nümayəndələrinin, sosial mediada nüfuz sahibi olan şəxslərin və digər qrupların hərtərəfli iştirakı üzərində formalaşır.

İkincisi, gələcəkdə baş verə biləcək şoklar və sarsıntıların olma ehtimalını azaldan və ya baş verdiyi halda müqavimət gücünü yüksəldən tədbirlərin prioritetləşdirilməsi məqsədilə pandemiya və münaqişədən öyrənilmiş dərslərdən lazımi nəticələr çıxartmaq vacibdir. Məsələn, səhiyyə sahəsində tam əhatəliliyin təmin edilməsi, eləcə də məktəb və universitetlərdə rəqəmsal boşluğun azaldılması üçün göstərilən səylər sürətləndirilməlidir. Bərpa işləri ətraf mühitə və təbii sərvətlərə dəyən uzunmüddətli zərəri aradan qaldırmaqla iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə təkan verməlidir.

Üçüncüsü, Strategiyanın maliyyələşdirilməsi üçün ümumi sərmayə istiqamətlərini müəyyən edən güclü maliyyə çərçivəsi sənədi hazırlanmalıdır. Tələb olunan xərclər, mövcud maliyyə mənbələrinin və durumunun qiymətləndirilməsi və vəsaitlərin toplanması strategiyası hazırlanmalıdır. Büdcə xərclərinin artdığı bir mühitdə, alternativ maliyyə mənbələri, o cümlədən yenilikçi maliyyə alətlərinin tətbiqi təşviq edilməlidir.

Yekun olaraq, Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin strateji sənədə icra göstəriciləri kimi daxil edilməsi, habelə nəticəyə hədəfli büdcə sisteminə keçid digər mühüm məsələlərdəndir. Bu addım xərclər sahəsində effektivliyin artırılması ilə yanaşı, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərini icra etmək yolunda qərarlı olmasını əks etdirəcək.

Fürsətdən istifadə edərək, Azərbaycanın öz gələcəyini yenidən müəyyən etdiyi bir dövrdə BMT-nin ölkəni dayanıqlı inkişafa aparan yolda dəstəkləməyə daim hazır olduğunu bir daha vurğulamaq istərdim. BMT-nin çoxsaylı qurumlarının böyük ekspert təcrübəsi milli inkişaf prioritetlərinin yerinə yetirilməsində, həmçinin planın icrası üçün maliyyə analizinin aparılması kimi işlərdə hökumətin səylərini dəstəkləməyə hazırdır. Bizim təşkilat strategiyanın icrası üçün milli və yerli səviyyədə müxtəlif tərəflərin effektiv iştirakını təmin edən platforma rolunu da oynaya bilər. Bundan əlavə, BMT Avropa İttifaqı və Dünya Bankı ilə sıx tərəfdaşlıq edərək, çoxlu sayda azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmalarını mümkün edəcək “Bərpa və Sülh quruculuğu İşlərinin Qiymətləndirilməsi”ni (BSİQ) aparmaqla, müvafiq sahələrdə ölkəyə kömək etməyə hazırdır.

Uğura aparan yolda yeni nailiyyətlərə imza atmış bu ölkəyə yenidən geri dönəcəyimə ümid edirəm. Bu yol çətin, lakin ləyaqətli bir yol olacaq.

Son xəbərlər

Orphus sistemi