Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib

Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib Bakı. 6 aprel. REPORT.AZ/ Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycan paytaxtında keçirilən konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib.
Xarici siyasət
6 Aprel , 2018 16:44
Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib
Report/ Elchin Murad

Bakı. 6 aprel. REPORT.AZ/ Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycan paytaxtında keçirilən konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib.

"Report" xəbər verir ki, sənəddə davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviqinə dəstək ifadə olunub. 

Eyni zamanda Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 

Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə, təşkilat çərçivəsində terrorizm və onun bütün forma və təzahürlərinə qarşı mübarizə məsələsində əməkdaşlığı gücləndirməyə, Fələstin ərazilərinin işğalını dayandırmağa dair çağırış yer alır.

Bəyannamədə Azərbaycanın paytaxtı Bakının "World Expo-2025"i keçirməyə namizədliyi alqışlanıb.

Həmçinin toplantının sonunda Fələstin məsələsi ilə bağlı Bəyannamə qəbul edilib.

Qeyd edək ki, ikigünlük görüşdə, təxminən, 800 iştirakçı - Qoşulmama Hərəkatında iştirak edən dövlətlərin, həmçinin hərəkat yanında müşahidəçi statusu almış ölkə və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri iştirak ediblər. 

Konfransda beynəlxalq sülh və təhlükəsizlik üzrə ən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Konfransın aprelin 5-də keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Xatırladaq ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Son xəbərlər

Orphus sistemi