Qırğızıstan XİN: Azərbaycanla münasibətlər Qırğızıstan üçün prioritet məsələdir

Qırğızıstan XİN: Azərbaycanla münasibətlər Qırğızıstan üçün prioritet məsələdir "İki ölkə arasında Dövlətlərarası Şuranın yaradılması təsdiq edilib"
Xarici siyasət
12 Noyabr , 2014 17:04
Qırğızıstan XİN: Azərbaycanla münasibətlər Qırğızıstan üçün prioritet məsələdir

Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycanla münasibətlər Qırğızıstan üçün prioritet məsələdir".

Bu barədə "Report"a Qırğızıstan XİN-in xüsusi nümayəndəsi, Nazirliyin Avropa və Amerika ölkələri departamentinin direktor müavini Kanat Tursunkulov bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında güclü əlaqələrin olmasını son üç ildə iki ölkə prezidentlərinin üç dəfə görüşməsi faktı təsdiq edir. "Biz qardaş xalqlarıq, tariximiz, mədəniyyətlərimiz və adət-ənənələrimiz bir-birilə bağlıdır. Ölkələrimiz arasında heç bir problemli məsələ yoxdur. İqtisadiyyatda son iki ildə əmtəə dövriyyəsi 35-40% artıb. İkitərəfli əlaqələri möhkəmləndirmək üçün zəminlər mövcuddur".

K.Tursunkulov həmçinin xatırladıb ki, bu il oktyabr ayının 24-də Qırğızıstan prezidenti ölkənin Bakıda səfirliyinin açılması haqqında əmr imzalayıb: "Bundan başqa, prezident Almazbek Atambayevin əmri ilə Qırğızıstan və Azərbaycan arasında Dövlətlərarası Şuranın yaradılması təsdiq edilib. Strukturun həmsədrləri iki ölkənin prezidentləri olacaq. Bu, strateji əməkdaşlığın ən ali dərəcəsi deməkdir".

O, Bakı-Bişkek aviareysinin açılmasını yüksək qiymətləndirib və bildirib ki, həmin aviareys iqtisadi marağın göstəricisidir. 

K.Tursunkulov Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun iki ölkə arasında münasibətlərin inkişafında xidmətlərini də qeyd edib: "Hidayət Orucov Qırğızıstanda ən hörmətli səfirlərdən biridir. Qırğızıstan prezidentinin H.Orucovu şəxsən ad günü münasibətilə təbrik etməsi bunun göstəricisidir. Prezidentin səfiri təbrik etməsi ölkə tarixində ilk hadisədir".

Son xəbərlər

Orphus sistemi