​Qırğızıstan rəsmisi: Avropa Oyunlarının Bakıda keçirilməsi bütün türk dünyası üçün çox mühüm hadisədir

​Qırğızıstan rəsmisi: Avropa Oyunlarının Bakıda keçirilməsi bütün türk dünyası üçün çox mühüm hadisədir Azərbaycanın Qırğızıstandakı səfiri baş nazirin birinci müavini Tayırbek Sarpaşevlə görüşüb
Xarici siyasət
11 İyun , 2015 02:07
​Qırğızıstan rəsmisi: Avropa Oyunlarının Bakıda keçirilməsi bütün türk dünyası üçün çox mühüm hadisədir

Bakı. 11 İyun. REPORT.AZ/ 2015-ci ilin iyun ayının 10-da Qırğızıstan baş nazirinin birinci müavini Tayırbek Sarpaşev və Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov arasında görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə əsas məqsəd T.Sarpaşevin Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimdə iştirak etməsi məsələsinin müzakirəsi olub.

Baş nazirin müavini bildirib ki, tədbirdə iştirak etmək üçün sabah Bakıya yola düşür.

Səfir Avropa Oyunları haqqında müfəssəl məlumat verib. Tarixdə birinci dəfə məhz Bakıda keçirilən Avropa Oyunlarında 49 Avropa ölkəsindən altı mindən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimində 50 dən çox ölkə rəhbərlərinin iştirakı nəzərdə tutulur. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmisi iki il yarım müddət ərzində bütün hazırlıq işləri tarixdə görünməmiş sürətlə və keyfiyyətlə həyata keçirilib.

Baş nazirin birinci müavini vurğulayıb ki, Avropa Oyunlarının Bakıda keçirilməsi nəinki Azərbaycan, bütün türk dünyası üçün çox mühüm bir hadisədir və qardaş Azərbaycan xalqının son illərdə qazandığı nailiyyətlərin göstəricisidir. 2014-cü ilin sentyabr ayında Azərbaycanda səfərdə olan T.Sarpaşev ölkəmizi yenidən ziyarət etməyə məmnuniyyətlə hazır olduğunu qeyd edib. Bakıda keçiriləcək Avropa Oyunlarında Qırğızstanı təmsil etməyin ona şərəf olduğunu vurğulayaraq, özünü Qırğızstanda ən böyük azərbaycanlı və Azərbaycan xalqının ən yaxın dostu adlandırıb.

Səfir, Azərbaycanın bu nəhəng tədbirə tam hazır olduğunu bildirib. H.Orucov əlavə edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Son iki il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.

T.Sarpaşev bu ilin may ayında Qırğızıstan hökuməti və yerli icra hakimiyyəti təmsilçilərindən ibarət olan nümayəndə heyətinin Azərbaycana səfərinin həyata keçirilməsi üçün verilən dəstəyə görə Səfirə təşəkkürünü bildirib. “Azərsun Holding” MMC-nin yardımı ilə təşkil olunmuş səfər zamanı Qırğızstan nümayəndə heyəti ölkəmizin kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat alıb, həmçinin, gələcəkdə ölkələrimiz arasında bu sahədə əlaqələrin daha da genişlənməsinə zəmin yarandığı bildirilib.

Səfir, qardaş Azərbaycan və Qırğızstan xalqları arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra da güclənməsini və səfirliklə Qırğız Respublikası Hökuməti arasında sıx əməkdaşlığın davam edəcəyinə əmin olduğunu söyləyib.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi