"Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq".
"Report" xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
Sadır Japarov bildirib ki, bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb: "Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik".
"Bunu qeyd etməyə şadam ki, xalqlarımız fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə qarşılıqlı surətdə zənginləşir. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq. Məlum olduğu kimi, ölkələrimiz BMT, Türk Dövlətləri Təşkilatı, MDB, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində sıx qarşılıqlı əlaqə saxlayır. Qırğızıstan öz tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir", - Qırğız Respublikasının Prezidenti vurğulayıb.