Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bu ölkənin təhsil və elm naziri Elvira Sariyeva ilə görüşüb.
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir iki ölkə arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır və iki ölkə arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir, ölkələr arasında əməkdaşlığın inkişafında səfirliyin aktiv fəaliyyətindən məlumatlıdır.
Səfir Azərbaycan Təhsil Nazirliyi və Qırğız Respublikası Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş layihəsindən söz açaraq, yaxın bir zamanda sazişin baxılıb imzalanmasının vacibliyini qeyd edib.
E.Sarıyeva bu məsələni öz nəzarətinə götürəcəyini bildirib.
Nazir iki ölkənin ali məktəbləri arasında əməkdaşlıqdan məmnunluğunu qeyd edərək, Azərbaycanın orta məktəbləri ilə də əməkdaşlıqda maraqlı olduqlarını və bu sahədə təcrübənin yaxından öyrənilməsi üçün nazirliklər arasında görüşlərin keçirilməsinin vacibliyini bildirib.
Səfir qeyd edib ki, qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlıq yüksələn templə davam edir və münasibətlərin inkişafı ölkə başçılarının maraq dairəsindədir.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.

