Yuxarı

QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin əməkdaşları Polşa QHT-ləri ilə görüşlər keçirib

Şura Katibliyinin əməkdaşları Polşada səfərdədir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Şura Katibliyinin əməkdaşları Polşada səfərdədir. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, beynəlxalq əlaqələr departamentinin məsləhətçiləri İlqar Dadaşov, Həsən Abdullayev, habelə departamentin eksperti Toğrul Məmmədli Şuranın dəstəyi ilə “Parnas” təşkilatının icra etdiyi “Azərbaycan – Şərqin Avropa cazibəsi” layihəsi çərçivəsində bir sıra görüşlərdə iştirak ediblər.

Polşanın aparıcı QHT-lərindən olan Şərq Araşdırmaları üzrə İnstitutun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üzrə koordinatoru Mikolaş Tauber təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. M.Tauber Şərq Araşdırmaları üzrə İnstitutun Avropada ən böyük iqtisadi forumlardan birinin təşkilatçısı olduğunu deyib. Müxtəlif ölkələrdən 1000-ə yaxın şəxsin qatıldığı bu nüfuzlu toplantıda Polşa prezidenti, Avropa Komissiyasının rəhbəri və digər yüksək vəzifəli şəxslərin mərzulərlə çıxış edirlər. Forumun əsas istiqaməti iqtisadi imkanların müzakirəsi olsa da, tədbir çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri də baş tutur. Tauber görüşdə Azərbaycan-Polşa, Azərbaycan-Avropa Birliyi forumlarının təşkili ilə bağlı təkliflərini səsləndirib.

Nümayəndə heyətinin üzvləri Azərbaycanın Polşadakı səfirliyində ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla da görüşüblər. Səfir Həsən Həsənov Şuranın fəaliyyətini yüksək qiymətləndirərək Polşa QHT-ləri ilə əməkdaşlığa dair fikir və təkliflərini səsləndirib.

Varşava Ticarət və İqtisadiyyat Universitetində keçirilən görüşdə rektor doktor İvona Prjiçoka rəhbərlik etdiyi ali məktəbin tarixi və hazırki fəaliyyət istiqamətləri haqqında məlumat verib. İ.Prjiçoka Ticarət və İqtisadiyyat Universitetinin beynəlxalq tərəfdaşları ilə uğurlu əməkdaşlığından və həyata keçirdikləri birgə layihələrdən danışıb.

Şura Katibliyinin əməkdaşları həmçinin Polşada təhsil sahəsində fəaliyyət göstərən fəal QHT-lərdən olan Təhsil Sisteminin İnkişafı Fondu, eləcə də Avropa, Şimal, Şərq Beynəlxalq Assosiasiyasının rəhbərləri ilə də görüş keçirib. QHT rəhbərləri Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində dövlətin həyata keçirdiyi işləri yüksək qiymətləndirdiklərini və onlarla sıx əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.

Nümayəndə heyəti adından görüşlərdə çıxış edən İlqar Dadaşov Şuranın fəaliyyət istiqamətləri, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının inkişafındakı rolu və xarici QHT-lər üçün qrant proqramı barədə ətraflı məlumat verib. İ.Dadaşov Şuranın Böyük Britaniyanın Birminqem, Almaniyanın Humbolt Universitetləri daxil olmaqla Avropanın bir sıra aparıcı təhsil ocaqları ilə səmərəli əməkdaşlıq münasibətlərinə malik olduğunu qeyd edib.

Qeyd edək ki, oktyabrın 29-da Varşava Universitetində Şuranın dəstəyi ilə həyata keçirilən layihənin yekunlarına dair konfrans təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi