Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.
“Report” xəbər verir ki, verilişdə filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedoqoji Universitetinin elmi-təşkilati şöbəsinin müdiri, 1988-ci ildə Göyçə mahalından deportasiya olunmuş İbrahim Bayramov Qərbi Azərbaycanın tarixindən, elm-təhsil mühitindən, siyasi mənzərəsindən söz açıb.
O, ermənilərin azərbaycanlılara qarşı etnik-təmizləmə siyasətindən, deportasiyalarından, yerli sakinlərə yaradılan süni maneələrdən, terror və soyqırımından danışıb, oğuz türklərinə aid toponimlərin, yer-yurd adlarının dəyişdirilməsini apardığı araşdırmalarla əsaslı şəkildə sübut edib.
Professor vaxtilə rəhbərlik etdiyi Göyçə mahalının Toxulca kənd orta məktəbində, eləcə də ali təhsil aldığı İrəvan şəhərində yaşadığı hadisələri xatırladıb, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşünün tarixi əhəmiyyətindən bəhs edib.
İ.Bayramov Ermənistan adlı dövlətin tarixi Azərbaycan torpaqlarında qurulduğunu və azərbaycanlıların yenidən doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirib.
Verilişi "Baku TV"nin yutub kanalında izləyə bilərsiniz.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.