Bakı. 16 dekabr. REPORT.AZ/ "Azərbaycan və Qazaxıstan beynəlxalq səhnədə həmişə bir-birini dəstəkləyib". "Report"un xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ məsələsi və Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqları ilə birlikdə Avrasiya İqtisadi Birliyinə (AİB) daxil edilməsi cəhdlərinə dair ölkəsinin mövqeyini şərh edərkən bildirib.
Səfir xatırladıb ki, mayda Ermənistanın AİB-ə daxil edilməsi məsələsi müzakirə olunarkən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qəti mövqeyi ondan ibarət olub ki, Ermənistan quruma yalnız beynəlxalq aləmdə tanınmış sərhədlər çərçivəsində üzv ola bilər: "Qarabağ bu AİB-də təmsil oluna bilməz, Bu, Qarabağ məsələsi ilə bağlı bizim prinsipial mövqeyimizdir və biz bundan geri çəkilməyəcəyik. Biz ümid edirik ki, münaqişə həll olunacaq".

