Qazaxıstan XİN: "Xəzər beşliyi" ölkələri yeni görüşlər seriyası hazırlayır

Qazaxıstan XİN: "Xəzər beşliyi" ölkələri yeni görüşlər seriyası hazırlayır
Xarici siyasət
15 Oktyabr , 2018 17:28
Qazaxıstan XİN: Xəzər beşliyi ölkələri yeni görüşlər seriyası hazırlayır
Flickr/ The Official CTBTO Photostream

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Xəzər beşliyi" ölkələri yaxın zamanlarda Xəzəryanı ölkələrin liderlərinin bu ilin avqust ayında Aktauda keçirilmiş sammitində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bir sıra görüşlər keçirmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

O, gözlənilən görüşlərin yeri və zamanı, formatı və gündəliyi barədə məlumat verməyib.

Qazaxıstan XİN başçısı bu işdə prioritet vəzifələr kimi Konvensiyanın ən qısa zamanda təsdiqlənməsini, Xəzər məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlamasını və bu çərçivədə birbaşa sahil xətlərinin müəyyən edilməsi metodologiyasının razılaşdırılmasını vurğulayıb.

Qeyd edək ki, avqustun 12-də keçirilmiş Aktau sammitinin əsas nəticəsi Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin Xəzər dənizinin hüquqi stutusu haqqında Konvensiyanı imzalaması olub.