Qazaxıstan prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib

Qazaxıstan prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib Nursultan Nazarbayev: "Sizi “Ekspo-2017”nin açılışında fəxri qonaq olmağa dəvət edirəm"
Xarici siyasət
3 Aprel , 2017 20:57
Qazaxıstan prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib

Bakı. 3 aprel. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda mətbuata bəyanatla çıxış edərkən bildirib. 

"Mən Sizi Qazaxıstana rəsmi səfərə dəvət edirəm. Sizi iyunun 10-da keçiriləcək “Ekspo-2017”nin açılışında fəxri qonaq olmağa dəvət edirəm. Mən, həmçinin sədr kimi sizi Şanxay Əməkdaşlıq Təşkilatına qonaq dəvət edirəm. Həmin görüşlərdə dialoqumuzu davam etdirərik və bu gün verdiyimiz tapşırıqların necə icra olunduğunu yoxlayarıq"- N.Nazarbayev bildirib.

Onun sözlərinə görə, bu səfər zamanı bizim danışıqlarımız Azərbaycan-Qazaxıstan münasibətlərinə tamamilə yeni yol açacaq, yeni impuls verəcək: "Bunlar hər iki dövlət üçün sərfəlidir, ölkələrimiz arasındakı ənənəvi dostluğu, etimadı möhkəmləndirir. Çünki bizim eyni tariximiz, mədəniyyətimiz, dilimiz, ümumi köklərimiz var və bu da bizi yaxınlaşdırır. Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır. Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub. İlham Heydər oğlu, Sizin tərəfinizdən Qazaxıstana göstərilən qonaqpərvərliyə, dostluğa görə mən şəxsən Sizə çox minnətdaram." 

Son xəbərlər

Orphus sistemi