Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Qars valisi Günay Özdemirin adından dövlət başçılarının şərəfinə rəsmi nahar verilib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, martın 17-də Qarsda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
görüşdə strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Türkiyədə təməli qoyulan TANAP layihəsinin əhəmiyyəti vurğulanıb, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin rolu qeyd edilib. Azərbaycanın və Türkiyənin iştirak etdikləri mühüm strateji layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verdiyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.