Qarabağ qələbəsinin birinci ildönümü İstanbulda qeyd edilib

Qarabağ qələbəsinin birinci ildönümü İstanbulda qeyd edilib Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda növbəti təntənəli bayram tədbiri keçirilib.
Xarici siyasət
8 Noyabr , 2021 03:10
Qarabağ qələbəsinin birinci ildönümü İstanbulda qeyd edilib

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda növbəti təntənəli bayram tədbiri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra isə Azərbaycanın 44 günlük Vətən müharibəsini özündə əks etdirən videoçarx nümayiş olunub. Mərasimdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Pakistan İslam Respublikasının İstanbuldaki Baş konsulu Bilal Xan Paşa, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, TADEF-in rəhbəri Ədalət Turan və digərləri Azərbaycanın Qarabağ Zəfərinin ilk ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Qeyd edilib ki, Azərbaycan xalqı bu müharibə ilə dəmir yumruğu Ermənistanın siyasi-hərbi rəhbərliyinin başına endirərək 30 illik həsrətinə son qoydu. Bu 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəmanca vuruşan Azərbaycan əsgəri bir gün belə yorulmadan daima irəli getdi. Bu dövr ərzində başda qardaş Türkiyə olmaqla bir sıra ölkələr, o cümlədən Pakistan da öz mənəvi və diplomatik dəstəyi ilə daima Azərbaycanın yanında oldular. Azərbaycan Dövləti tərəfindən qısa zaman ərzində işğaldan azad edilən ərazilərdə görülən işlər möcüzə kimi qiymətləndirilib.

Bildirilib ki, bir azərbaycanlı, bir türk olaraq biz daima sülhün, insanlığın tərəfdarı olmuşuq. Çıxışçılar bildirib ki, daima multikulturallığı ilə seçilən Azərbaycan, Vətən müharibəsində də bu insan sevgisini bir daha sübut etdi. Azərbaycanla yanaşı onu sevən, ona dost-qardaş olan ölkələr də öz diplomatiyası, sözü, musiqisi, sosial mediada verdiyi dəstəklə bu müharibədə Vətənimizin yanında oldular.

Sonra Azərbaycan Diasporuna Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan ikinci Qarabağ müharibəsinə həsr olunan qısametrajlı "Yaddaş" filmi nümayiş etdirilib. Tədbir Azərbaycanın görkəmli sənət adamlarının ifası, Azərbaycan rəqsləri və musiqisindən ibarət bədii hissə ilə davam etdirilib.

Mərasimdə, türkiyəli deputat, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin digər deputatları, qardaş ölkənin bir sıra dövlət xadimləri, diplomatik korpusun nümayəndələri, bu ölkədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz, qazilər və digərləri iştirak ediblər. Tədbirdə işğaldan azad edilən ərazilərimizin fotoşəkillərindən ibarət sərgi də təşkil edilib.

Son xəbərlər

Orphus sistemi