Qafqaz Müsəlmanları İdarəsinin sədri ümumgürcüstan katolikos-patriarxı ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri ümumgürcüstan katolikos-patriarxı ilə görüşüb "Bu gün Azərbaycan ilə Gürcüstan dünyada ən tolerant ölkə kimi tanınırlar"
Xarici siyasət
21 Aprel , 2017 14:35
Qafqaz Müsəlmanları İdarəsinin sədri ümumgürcüstan katolikos-patriarxı ilə görüşüb
Report.az

Tbilisi. 21 aprel. REPORT.AZ/ Gürücstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 21-də ümumgürcüstan katolikos-patriarxı II İliya ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, patriarx şeyxülislamın Gürcüstana səfərini tarixi hadisə kimi dəyərləndirib. A.Paşazadə ilə bir-birini uzun müddətdir tanıdıqlarını, komunist rejiminin sərt qayda-qanunlarına baxmayaraq hər zaman həmrəy olduqlarını, bir-birlərini dəstəklədiklərini deyən patriarx, bu gün din xadimlərinin münaqişəli bölgələrdə sülh və ədalətin bərqərar olması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb. O, Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.

A.Paşazadənin Qafqaz üçün əvəzsiz xidmətlərini, gördüyü böyük işləri yüksək qiymətləndirən patriarx şeyxülislamı Gürcüstanda görməkdən şərəf duyduqlarını bildirib.

Şeyxülislam A.Paşazadə deyib ki, onu patriarxla uzun illərin qardaşlığı birləşdirir. O bildirib ki, Gürcüstana bu səfəri çərçivəsində bir sıra görüşləri nəzərdə tutulsa da, əsas məqsəd patriarx həzrətlərini görməkdir.

O, Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan bu günədək patriarxın hər zaman haqq-ədaləti müdafiə etdiyini, öz mövqeyini heç zaman dəyişmədiyini bildirib. İki ölkənin ərazi bütövlüyü kimi həssas məsələ ilə bağlı patriarxla hər zaman həmrəy olduqlarını söyləyən şeyxülislam din xadimləri kimi münaqişələrin sülh yolu ilə həllinə çağırdıqlarını və buna inandıqlarını bir daha vurğulayıb.

Şeyxülislam II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın salamlarını və ehtiramını II İliyaya çatdırıb.

A.Paşazadə deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan dünyada ən tolerant ölkə kimi tanınırlar. 

Sonra patriarxın adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Ziyafətdə çıxış edən Patriarx II İlya və şeyxülislam Allahşükür Paşazadə iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrindən, bölgədəki mövcud problemlərdən, münaqişələrdən danışıb, bu problemlərin həllində din xadimlərinin rolunu artırılmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi