"Qaçqınkom"da Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri ilə görüş keçirilib

"Qaçqınkom"da Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri ilə görüş keçirilib Dövlət Komitəsi sədrinin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara geniş məlumat verib
Xarici siyasət
1 Mart , 2017 11:02
Qaçqınkomda Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri ilə görüş keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanda səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Einar Vallbaumun rəhbərlik etdiyi Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə qeyd olunub ki, fondun tərkibinə daxil olan ölkələrin, o cümlədən Estoniyanın Azərbaycanla münasibətləri hər iki dövlətin müstəqillik qazanmasından sonra da yüksələn xəttlə inkişaf etməkdədir. 

Bildirilib ki, bu gün iki ölkə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdirlər.

Əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkədəki qaçqın və məcburi köçkün problemi, bu ağır problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli və digər mühüm məsələlərin müzakirəsinin də geniş yer aldığı görüşdə qonaqlara hərtərəfli məlumat verən Fuad Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb.

Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-nın,Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunan Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.

Bunlara baxmayaraq Azərbaycanın öz torpaqlarının işğalda qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını əminliklə qonaqların diqqətinə çatdıran Dövlət Komitəsi sədrinin müavini bütün bunların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qaydışın” kiçik bir nümünəsi kimi reallaşacağını bildirib.

Şimali Avropa və Baltikyanı ölkələrin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini bildirən qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Xocalı faciəsini bəşər tarixində insanlığa sığmayan cinayət adlandırıb.

Görüşdə qonaqların təmsil etdikləri Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun fəaliyyəti, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, beynəlxalq qurumlarda əlaqələrin gücləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşün sonunda qonaqlara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət başçısı İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısından bəhs edən "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı və “Xocalı Soyqırımı” adlı kitab təqdim edilib.

Son xəbərlər

Orphus sistemi