​Qabriela Kuevas Barron: “Meksika hər zaman Azərbaycanın yanındadır”

​Qabriela Kuevas Barron: “Meksika hər zaman Azərbaycanın yanındadır” Milli Məclis sədrinin birinci müavini Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb
Xarici siyasət
11 İyun , 2015 18:18
​Qabriela Kuevas Barron: “Meksika hər zaman Azərbaycanın yanındadır”

Bakı. 11 iyun. REPORT.AZ/Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov ölkədə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronla görüşüb. Bu barədə "Report"a MM-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Meksika əlaqələrindən söz açan Ziyafət Əsgərov son illər iki ölkə arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O, iki ölkənin beynəlxalq qurumlardakı səmərəli əməkdaşlığından geniş söz açıb. Meksikanın həmin təşkilatlarda, eləcə də Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, Meksika parlamentində bu münaqişəyə və Xocalı soyqırımına dair qəbul edilən sənədlərə görə dost ölkənin hökumətinə təşəkkürünü bildirib. Əlaqələrin inkişafında hər iki parlamentdə fəaliyyət göstərən dostluq qruplarının işini xüsusilə vurğulayıb. İndiyədək iki ölkə arasında 5 sənəd imzalandığını, 26 sənəd üzərində iş aparıldığını deyən Ziyafət Əsgərov iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər potensialın olduğunu bildirib.

Azərbaycana ikinci dəfə səfər etdiyini söyləyən Qabriela Kuevas Barron budəfəki gəlişində ölkədə daha böyük tərəqqi müşahidə etdiyini bildirib. Birinci Avropa Oyunlarını izləmək üçün Bakıda olduqlarını deyən qonaq Azərbaycanın bu geniş miqyaslı tədbirə ləyaqətlə ev sahibliyi edəcəyinə ümidvar olduğunu deyib. Meksikanın hər zaman Azərbaycanın yanında olduğunu ifadə edən Barron bir çox sahələrdə ölkənin təcrübəsinin öyrənilməsinin önəmini qeyd edib. Ötən il Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Meksika Senatı Xarici Əlaqələr komitəsi arasında Bakıda imzalanan “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” anlaşma memorandumunu xatırlayıb və səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov iştirak edib.

Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi