Putin Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir

Putin Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir Noyabrın 17-də Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsi zamanı bir neçə məqama xüsusi diqqət yetirib.
Xarici siyasət
18 Noyabr , 2020 12:26
Putin Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir

Noyabrın 17-də Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsi zamanı bir neçə məqama xüsusi diqqət yetirib. O bildirib ki, beynəlxalq hüquqa əsasən Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Rusiya prezidenti həmçinin əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib. Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürdüyünü deyən V.Putin hər iki ölkənin liderini dinlədiyini və onlarla növbə ilə əlaqə saxladığını da sözlərinə əlavə edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu məsələ ilə bağlı "Report"a açıqlamasında bildirib ki, Rusiya prezidentinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəflərilə diqqəti çəkir: "Bunlardan biri onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olmasıyla bağlı səsləndirdiyi fikirdir: "Bu, əslində 100 ilidir ki, ermənilər tərəfindən spekulyasiya edilən bu mövzuya birdəfəlik son qoydu. Nəzərə almaq lazımdır ki, bu fikrin müəllifi erməniləri 200 il əvvəl Azərbaycan ərazilərinə gətirən və onlara dövlət verən çar Rusiyasının varisi olan bir ölkənin birinci şəxsidir. Beləliklə də ermənilərin həm tarixi, həm də hüquqi kontekstdə Dağlıq Qarabağ manipuliyasiyasını onların əlindən alır".

Onun sözlərinə görə, Rusiya prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində həm də BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ona qarşı edilən təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərilə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu normal hal hesab edir: "Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Türkiyənin də bu hərəkətinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir. Nəhayət, Rusiyanın da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlıq Qarabağla bağlı məsələnin heç bir halda KTMT-yə heç bir aidiyyəti olmadığını deyir. Bütün bunlar isə əslində Azərbaycanın regionumuzda yaratdığı yeni geostrateji reallığın yaratdığı yeni şərtlərin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir".

H.Babaoğlu vurğulayıb ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maariflləndirmə xarakteri daşıyır: "Eyni zamanda Rusiya informasiya məkanına da Rusiyanın rəsmi mövqeyinin necə olmasını izah edir. Ona görə də bəzi rus media qurumları da bundan müəyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə korrektələr etməli olacaqlar. Ən sonda isə Putin Azərbaycan Ordusunun ən müasir və güclü ordulardan biri olduğunu olduqca düzgün qiymətləndirərək deyir ki, Ermənistan bu anlaşmanı qəbul etməsə, intihar etmiş olacaqdı. Bütün bunlar isə bir sonrakı mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır. Bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur”.

Son xəbərlər

Orphus sistemi