"Prezidentin Türkiyəyə səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcıdır"

"Prezidentin Türkiyəyə səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcıdır" "Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir. İki dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olmuş, beynəlxalq təşkilatlarda bu və ya digər məsələlərlə bağlı vahid mövqedən çıxış e
Xarici siyasət
11 Mart , 2022 15:55
Prezidentin Türkiyəyə səfəri müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcıdır

"Dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün müttəfiqlik səviyyəsinə yüksələrək uğurla inkişaf edir. İki dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olmuş, beynəlxalq təşkilatlarda bu və ya digər məsələlərlə bağlı vahid mövqedən çıxış edərək ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu dünyaya çatdırıb, ikili standartlara əsaslanan siyasətin hər zaman problemlərə yol açdığını faktlar əsasında bəyan ediblər. Hər bir münaqişəli məsələnin həllində ədalətin, beynəlxalq hüququn yanında olduğunu bəyan edən rəsmi Ankara artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə də dünyaya eyni çağırışları etdi".

"Report"un xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətinə "Dur!" demək zamanı olduğu özünü sivil adlandıran dünyaya dəfələrlə çatdırılsa da "nədənsə" bu həqiqəti qulaqlar eşitmək, gözlər görmək istəmədi:

"Amma Azərbaycan dövlətinin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın yenilməzliyi, məğrurluğu, ədalətin, haqqın tərəfində olan dövlətlərin, beynəlxalq təşkilatların, xüsusilə dost, qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi əsasında bu əzəli torpaqlarımıza qovuşacağımıza tam əmin idik. Bu baxımdan dövlət başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsini həqiqət anı kimi dəyərləndirdi. Bildirdi ki, kimin haqqın, kimin şərin yanında olduğu bəlli oldu.İkinci Qarabağ müharibəsinin gedişində qardaş Türkiyənin, Pakistanın dəstəyini yüksək dəyərləndirən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı həmin dövlətlərə minnətdarlığını ifadə edir, bu dəstəyin Azərbaycan xalqına, ordusuna, ümumilikdə ölkəmizə böyük güc verdiyini açıqlayırdı. Nəhayət, 44 günlük Vətən müharibəsi tarixi Qələbəmizlə başa çatdı. Müharibənin başlandığı ilk andan dünyaya "Azərbaycan tək deyil" mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istər Vətən müharibəsinin gedişi, istərsə də postmünaqişə dövründə qardaş ölkənin Azərbaycanın yanında olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirdi".

V.Rəhimzadə qeyd edib ki, tarixi zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından sonra dünyanın növbəti dəfə diqqəti Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya yönəldi: "Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşaya ilk səfəri Azərbaycanda səbirsizliklə gözlənilirdi. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs saldı, böyük əks-səda yaratdı. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra da uzun illər ərzində dillərdə əzbər olacaq".

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından ötən 9 aya yaxın müddətdə iki qardaş ölkənin əlaqələrinin daha da güclənməsini, dostluğumuzun sarsılmazlığını təsdiqləyən xeyli faktlar sadalamaq olar: "Dünya bu reallığa şahidlik etdi ki, işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Ötən ilin oktyabrında Qarabağın hava qapısı- Füzuli Beynəlxalq Hava Limanı iki dost, qardaş ölkə prezidentlərinin iştirakı ilə dünyaya açıldı. Bu tarixi hadisədən sonra Zəngilanda "ağıllı kənd" layihəsi çərçivəsində ilk pilot layihə olaraq Ağalı kəndlərində görülən işlərlə tanışlıqdan sonra iki qardaş ölkənin birgə investisiya layihəsi olan "Dost Aqropark"ın təməli qoyuldu. Artıq son aylar isə Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiqi ilə yadda qalır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra bərpa və quruculuq işlərinə start verilən zaman bütün dost ölkələrə bu prosesdə iştirak etmək üçün çağırış etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan səsləndirdiyi "Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür" mesajı hər bir hədəfə doğru birgə addımlamaqla möhtəşəm nəticələr əldə edəcəyimizə böyük əminlik yaradır".

O, tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına xidmət edən mühüm addımlar sırasında Azərbaycan-Türkiyə Media Platformasının yaradılmasını xüsusi qeyd edib: "Şuşa Bəyannaməsində əksini tapan müddəalarda bu platformanın imkanlarından səmərəli istifadə öz əksini tapıb. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Hazırkı dövrdə beynəlxalq arenada bəzi dairələr tərəfindən Azərbaycana və Türkiyəyə qarşı əsassız təbliğatın aparıldığı bir zamanda belə bir mühüm addımın atılması olduqca əhəmiyyətli idi. Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində belə təbliğatların qarşısı faktlar əsasında alınır. Amma ictimai fikrin formalaşmasında, informasiya cəbhəsində uğur qazanılmasında medianın rolunu nəzərə alsaq, belə bir platformanın yaradılması mütləq idi".

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində həyata keçirilən enerji layihələri regiona sabitlik, iqtisadi tərəqqi gətirir: "Bu layihələrdən yalnız iştirakçı deyil, digər dövlətlər də bəhrələnirlər. Əvvəlcə regional çərçivədə qurulan münasibətlər zaman keçdikcə coğrafiyasını daha da genişləndirdi. BTC və BTƏ neft-qaz layihələrinin ardıcılları sırasında Cənub Qaz Dəhlizinin seqmentlərini qeyd edə bilərik. Hər bir layihənin uğurlu sonluqla başa çatması digər layihələrin gündəmə gətirilməsini şərtləndirir. Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırmasından irəli gəlir. Bir sözlə, Azərbaycan-Türkiyə birliyi daim bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilib".

V.Rəhimzadə bildirib ki, münasibətləri müttəfiqlik səviyyəsinə yüksələn iki qardaş ölkənin ayrı-ayrı sahələrdə birgə əməkdaşlığı əsasında qazanılan uğurlara qısa nəzər salmağımız səbəbsiz deyil: "Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin həmkarı ilə keçirilən və 4 saatdan artıq davam edən görüşündə də iki ölkə arasında bütün sahələrdə əlaqələrin hazırkı səviyyəsi geniş müzakirə olunaraq Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etməsi prezidentlərin şəxsi münasibətlərinin dövlətlərimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli roluna bir daha işıq saldı".

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfərini Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib: "Görüşdə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu. Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsində də Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alıb".

"Qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər, keçirilən görüşlər və müzakirə olunan məsələlər əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır" söyləyən V.Rəhimzadə bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında ölkəmizə səfəri zamanı mətbuata bəyanatında imzalanan sənədlərə söykənərək "Atılacaq daha çox imzalar var" çağırışına istinad edərək bu fikri vurğulayıb ki, iki müttəfiq ölkənin - Azərbaycan və Türkiyənin əlaqələrinin gələcək inkişafı üçün bütün imkanlar mövcuddur. Tarixi köklərə malik olan bu birlik, həmrəylik əbədidir, sarsılmazdır.

Son xəbərlər

Orphus sistemi