"Prezidentin BMT-də çıxışı beynəlxalq aləm qarşısında Ermənistana verilən ciddi mesajdır"

"Prezidentin BMT-də çıxışı beynəlxalq aləm qarşısında Ermənistana verilən ciddi mesajdır" "Azərbaycan torpaqlarını 30 il müddətində işğalda saxlayan Ermənistan öz məkrli arzu və məqsədlərinə çata bilmədi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışında qeyd etmişdi ki, Ermənis
Xarici siyasət
139
24 Sentyabr , 2021 19:06
Prezidentin BMT-də çıxışı beynəlxalq aləm qarşısında Ermənistana verilən ciddi mesajdır
İlham Əliyev

"Azərbaycan torpaqlarını 30 il müddətində işğalda saxlayan Ermənistan öz məkrli arzu və məqsədlərinə çata bilmədi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2017-ci ildə BMT Baş Assambleyasındakı çıxışında qeyd etmişdi ki, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib, hətta öz sərhədlərini belə qorumaq iqtidarında deyil".

"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Cavid Osmanov
Cavid Osmanov

O qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan öz işğalçılıq mövqeyindən qalmaq istəmirdi: "2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar - Koçəryan-Sarkisyan rejimi devrildikdən sonra yeni hökumətin ciddi şəkildə ölkəmizlə danışıqlarda iştirak edəcəyi ilə bağlı Azərbaycan tərəfində müəyyən ümidlər yaranmışdı. Ölkəmiz tərəfindən bu istiqamətdə müsbət addımların atılmasına baxmayaraq, hətta Ermənistanda baş verən rejim dəyişikliyi belə heç bir dönüşə səbəb olmadı. Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm açıqlamaları vəziyyəti günü-gündən daha da gərginləşdirirdi. Eyni zamanda, Ermənistan silahlı birləşmələri o vaxtkı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində davamlı təxribatlar törədirdilər. 2020-ci ilin iyul-avqust aylarında Ermənistan öz təxribatları ilə sübut etdi ki, artıq danışıqlar prosesindən imtina edib və Azərbaycana qarşı yeni ərazi iddiasındadır".

C.Osmanov qeyd edib ki, Ermənistan növbəti dəfə 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı təxribatlar törədərkən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu: "Rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan ordusunu diz çökdürərək darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi və Ermənistan üzərində hərbi-siyasi qələbə qazandı. Kapitulyasiya aktı imzalamaq məcburiyyətində qalan Ermənistan 3 rayonumuzu hərbi əməliyyat keçirilmədən təhvil verməli oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tək, öz gücünə təmin etdi".

Deputat təəssüflə bildirib ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı 30 il ərzində vandalizm, barbarlıq siyasəti ilə məşğul olub, xalqımıza məxsus bütün tarixi, mədəni, dini abidələri, yaşayış evlərini dağıdıb, şəhər və kəndləri viran qoyub: "Bu ərazilərdə olan 67 məsciddən əksəriyyəti yerlə-yeksan edilib, qalanları isə təhqir olunub, məscidlərdə heyvan saxlanılıb. Ermənistanın maddi və mənəvi soyqırımı törətməsi bu ölkənin terrorçu ölkə olmasından xəbər verir. Ermənistan tərəfi, həmçinin işğal etdiyi ərazilərdə ekoloji terrorla da məşğul olub".

C.Osmanov vurğulayıb ki, Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra Qarabağ münaqişəsi artıq keçmişdə qalıb və Azərbaycanda "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi mövcud deyil: "Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb ki, bu da tarixi ədalətin bərpası hesab edilir. Hərbi əməliyyatlar bitən ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə start verilib. Yenidənqurma və bərpa işləri hazırda sürətli şəkildə və müvafiq plan əsasında davam etdirilir. Azərbaycan dövləti mümkün qədər ən yaxın illər ərzində yaşayış üçün bütün infrastrukturun yaradılmasını və bir milyonadək məcburi köçkünün öz doğma yurdlarına qaytarılmasını hədəfləyib. İntensiv bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, qısa müddətdə əldə edilən nəticələr, həmin ərazilərin bir il əvvəl və indiki vəziyyətinin müqayisəsi deməyə əsas verir ki, hərbi əməliyyatların bitməsindən cəmi 10 ay keçməsinə baxmayaraq, çox böyük işlər görülüb. Bu da öz növbəsində Azərbaycan dövlətinin gücündən, iqtisadi imkanlarının böyüklüyündən xəbər verir".

Azərbaycan həqiqətlərini yorulmadan dünya ölkələrinin diqqətinə çatdıran Prezident İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən də ölkəmizin haqq mübarizəsindən, Ermənistanın ölkəmizə qarşı 30 il ərzində təcavüzkar mövqe tutmasından, xalqımıza qarşı törədilən erməni terrorundan geniş söhbət açdığını diqqətə çatdıran deputat deyib: "Şəhər və kəndlərimizin işğaldan əvvəlki və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət kitablar Azərbaycan tərəfindən hər bir ölkənin BMT-dəki nümayəndəliyinə təqdim edilib ki, ölkəmizin həqiqətləri haqqında hər kəsdə əyani təsəvvür yaransın.

BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı cənab Prezident İlham Əliyev dünya ölkələrinin diqqətinə bir çox vacib məqamları da çatdırdı. Bu vacib məqamlardan biri Ermənistanın hərb meydanında məğlub olduqdan sonra Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməli olduğu halda, ölkəmizə qarşı Azərbaycanofobiya mövqeyi tutduğunun qeyd olunmasıdır. Ermənistanda etnik nifrət, düşmənçilik, irqçi və faşist ideologiyasının hökm sürdüyü haqqında BMT Baş Assambleyasının 76-cı sessiyasında bütün ölkələrə məlumat verilib. Dünya ölkələrinin neofaşist meyllərə qarşı mübarizə apardıqları bir vaxtda Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir. Azərbaycan Vətən müharibəsi ilə eyni zamanda erməni faşizminə də ciddi zərbə vurdu. Ancaq bu ölkə öz xislətindən əl çəkmək istəmir. Azərbaycana qarşı erməni terroru bu gün də davam edir.

Mina problemi, mina xəritələrinin və itkin düşmüş şəxslər haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycana təqdim edilməməsi deyilənlərə əyani sübutdur. Həmçinin Birinci Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın vətəndaşımız və Ermənistanın hərbi cinayətlərinin bariz nümunəsi olan kütləvi məzarlıqların aşkar edilməsi azərbaycanlılara qarşı erməni terrorunun planlı olmasından xəbər verir".

"BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı cənab Prezident İlham Əliyevin təşkilata üzv dövlətlərin diqqətinə çatdırdığı mühüm məqamlardan biri də beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşması, Ermənistanda revanşizm və hərbiləşdirməyə hər hansı dəstəyin göstərilməməsinin vacibliyinin qeyd edilməsidir.

Sessiyada çıxış zamanı Prezident İlham Əliyev həmçinin öz qətiyyətli mövqeyini ortaya qoyaraq hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməsi üçün BMT üzv dövlətləri və BMT Katibliyinə səslənib”, - deputat qeyd edib.

C.Osmanov vurğulayıb ki, Azərbaycanın yalnız Ermənistanın işğalçı ordusunu deyil, həm də erməni faşizmini məğlub etməsi, ərazi bütövlüyünə və təhlükəsizliyinə yenidən təhlükə olacağı təqdirdə, Azərbaycanın tərəddüd etmədən özünümüdafiə hüququndan istifadə edəcəyinə dair BMT tribunasından Ermənistana xəbərdarlıq olunması da Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyası zamanı etdiyi çıxışında diqqət çəkən xüsusi məqamlardandır. Prezidentin çıxışının bu hissəsi beynəlxalq aləm qarşısında Ermənistana verilən ciddi bəyanat da hesab edilə bilər.

Son xəbərlər

Orphus sistemi