Prezident İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib - ƏLAVƏ OLUNUB Görüşdə iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
12 Fevral , 2017 10:11
Prezident İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə dövlət başçısı iki ölkə arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd edib. Dövlət başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini bildirib. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını vurğulayaraq, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu deyib.

Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Edqars Rinkeviçs deyib:

“Prezident Raymonds Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və sizinlə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır”.

Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Latviyanın xarici işlər naziri ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviyanın Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi