Yuxarı
    Bağlamaq

    ​Prezident: “İSAF qüvvələri üçün malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir”

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir

    Bakı. 5 sentyabr. REPORT.AZ/ “Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir”. Report-un xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də Uelsdə NATO-nun sammitindəki çıxışında deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir: “Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub”.

    Prezidentin sözlərinə görə, İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir: “Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və surətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi