​Prezident İlham Əliyev: “Bakı və Moskva arasında təcrübə mübadiləsi səmərəli olacaq”

​Prezident İlham Əliyev: “Bakı və Moskva arasında təcrübə mübadiləsi səmərəli olacaq” Moskva şəhər: “Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb”
Xarici siyasət
25 Sentyabr , 2014 16:10
​Prezident İlham Əliyev: “Bakı və Moskva arasında təcrübə mübadiləsi səmərəli olacaq”

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. İki ölkənin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlət başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirib. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən prezident İlham Əliyev iki paytaxt arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd edib. Azərbaycan prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.

Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirən Moskva şəhərinin meri Sergey Sobyanin deyib: “Həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”. Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva şəhərinin meri bildirib ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan höküməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyanin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi