Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib

    Dövlət başçısı deyib ki, bu fəxri adın ona verilməsi iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir

    Bakı. 11 dekabr. REPORT.AZ/ Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib.

    "Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşüb.

    Görüşdə iki ölkə arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin iki ölkəl arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb. Bu sahədə əlaqələrin iki xalqın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

    Sonra qarşılılıqlı hədiyyələr təqdim olunub.

    Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu deyib. Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamlayıb. O, Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat verib. Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirib.

    Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib.

    Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu dövlət başçısına təqdim edilib.

    Prezident İlham Əliyev mərasimdə çıxış edib.

    Dövlət başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Deyib ki, bu, iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğulayıb.

    Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirib. Dövlət başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırıb.

    Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkədə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu deyib. Dövlət başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirib.

    Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, müvafiq proqramların həyata keçirildiyini qeyd edib, ölkədə savadlılığın səviyyəsinin 100 faiz olduğunu deyib. Dövlət başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkənin multukulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi