Yuxarı

Prezident İlham Əliyev “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb

Sərəncamla vizaların verilməsi işinin daha səmərəli təşkili məqsədi ilə Nazirlər Kabinetinə tapşırıqlar verilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikasında turizmin inkişafı istiqamətində görülən mühüm işlər nəticəsində ölkəyə gələn əcnəbilərin sayının əhəmiyyətli dərəcədə artması vizaların verilməsi prosesinin daim təkmilləşdirilməsini zəruri edir.

Sərəncamla vizaların verilməsi işinin daha səmərəli təşkili məqsədi ilə Nazirlər Kabinetinə tapşırıqlar verilib:

Belə ki, Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə, aidiyyəti dövlət orqanlarının təklifləri nəzərə alınmaqlabir sıra tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bu sıraya Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulması; “Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsi; “Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılması; Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi; “Viza” altsisteminin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunması;“Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsi aiddir.

Həmçinin, hökumət sərəncamda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etməli, vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaratmalı, vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin və konsulluqlarının işçilərinin ştat sayının artırılması məsələsinə baxmalı, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görməli, bu sərəncamda verilmiş tapşırıqların icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xarici İşlər Nazirliyinə isə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında vizaların rəsmiləşdirilməsi ilə bilavasitə məşğul olan əməkdaşları üçün mütəmadi treninqlərin keçirilməsini təşkil etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi