Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
26 Oktyabr , 2015 14:05
Prezident İlham Əliyev Yaponiyanın dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin bu əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. Dövlət başçısı deyib ki, ölkəmizin dostu olan Akira Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Prezident İlham Əliyev nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd edib. Dövlət başçısı Yaponiya şirkətlərinin Azərbaycanda uzun illər çox uğurla fəaliyyət göstərmələrinin, xüsusilə energetika sektoruna böyük sərmayələr yatırılmasının və eyni zamanda, Yaponiya kreditləri hesabına Azərbaycanda bir çox mühüm layihələrin icra olunmasının əhəmiyyətini vurğulayıb.

İqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə nazir, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amari Prezident İlham Əliyev ilə sonuncu dəfə 2006-cı ilin martında dövlət başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırlayıb. O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün Bakıya 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğulayıb, bütün bu nailiyyətləri Prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirib. Yaponiya Baş nazirinin müavini, keçmiş baş nazir Taro Asonun ölkəmizə səfərinə toxunan Akira Amari dedi: “Taro Aso Azərbaycana səfərindən sonra mənimlə görüşdü və Azərbaycanın nə qədər inkişaf etdiyini, Yaponiya ilə əlaqələrə nə qədər böyük önəm verdiyini bildirdi. Mən Azərbaycan ilə Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bir daha dərk etdim”.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın enerji, neft-kimya, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi