Yuxarı

Prezident İlham Əliyev VI Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarını təbrik edib

Əminəm ki, sizin nüfuzlu forumunuz inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin daha da yaxınlaşmasına yeni təkan verəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev VI Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli forum iştirakçıları!

VI Rusiya-Azərbaycan Regionlararası Forumunun işə başlaması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əlamətdar haldır ki, bu il həmin forum Yekaterinburqda – ölkəmizlə ənənəvi sıx ticari-iqtisadi və humanitar əlaqələri olan Sverdlovsk vilayətinin inzibati mərkəzində keçirilir. Bu əlaqələrin qorunub saxlanmasında və möhkəmlənməsində regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri mühüm rol oynayır.

Fərəhli haldır ki, regionlararası forumlar nisbətən qısa zaman kəsiyində özünün həyat qabiliyyətini və səmərəliliyini sübut edib. Bu forumlar haqlı olaraq tələbat duyulan elə məkan hesab edilir ki, orada mövqelər əlaqələndirilir, birgə fəaliyyət üçün səylər cəmləşir, işgüzar əlaqələr tənzimlənir və onların genişləndirilməsi perspektivləri müzakirə edilir. Başqa sözlə desək, bu görüşlərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələr yaratmağa imkan verən konstruktiv və açıq dialoq aparılır.

Forumun formatı ticari-iqtisadi və investisiya tərəfdaşlığından başlamış humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin geniş dairəsini nəzərdən keçirməyə imkan verir. Təqdirəlayiq fakt ondan ibarətdir ki, budəfəki tədbir çərçivəsində hər iki tərəfdən olan tələbələrin, gənc alimlərin və sahibkarların iştirakı ilə ayrıca “dəyirmi masa” təşkil edilib. Bu cür dialoq platforması həm əməkdaşlığın daha səmərəli formalarını və istiqamətlərini axtarmağa kömək edir, həm də gənclər arasında yeni dostlar və həmfikirlər qazanmağa şərait yaradır. Sirr deyil ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişaf perspektivləri məhz yüksək intellektə və kommunikabelliyə malik olan bugünkü gənc nəsildən asılıdır.

Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylərimiz sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Əminəm ki, sizin nüfuzlu forumunuz inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin daha da yaxınlaşmasına yeni təkan verəcək.

Forum iştirakçılarına uğurlu iş və qarşıya qoyulmuş məqsədlərə çatmağı arzu edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi