Prezident İlham Əliyev Türkmənistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Türkmənistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB Azərbaycan Prezidenti səfir Mekan İşanquliyevə fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
13 İyul , 2017 18:55
Prezident İlham Əliyev Türkmənistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
President.az

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mekan İşanquliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı qardaş türkmən və Azərbaycan xalqlarının əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb. Prezident İlham Əliyev bu gün müstəqil Azərbaycanın və Türkmənistanın dövlətlərarası əlaqələri fəal şəkildə möhkəmləndirdiklərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, Mekan İşanquliyev diplomatik fəaliyyəti dövründə ölkələrimizin bir-birinə daha da yaxınlaşması və əlaqələrin bütün istiqamətlərdə inkişafı işinə öz töhfəsini verəcək.

Səfir Mekan İşanquliyev Prezident İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırıb. O, səfir təyin olunduğu vəzifədə qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. Xalqlarımız arasında tarixən mehriban qonşuluq əlaqələrinin mövcud olduğunu deyən Mekan İşanquliyev siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensialın olduğunu vurğulayıb.

Səfir qeyd etdi ki, nəqliyyat sahəsi əməkdaşlığımızın əsas istiqamətidir. Ölkələrimizin coğrafi yerləşməsinin bu işə xidmət etdiyini deyən səfir bildirib ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Mekan İşanquliyev ölkələrimizin müvafiq qurumları arasında beynəlxalq əməkdaşlıq məsələlərinin fəal müzakirə olunduğunu bildirib. Səfir vurğulayıb ki, əməkdaşlığın fəallaşdırılması üçün əsas amil Türkmənistan və Azərbaycan prezidentləri arasında keçirilən görüşlərdir. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini deyib.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin fəal inkişaf etdiyini deyərək, yüksək səviyyədə görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində önəmini qeyd edib və bildirib ki, ölkələrimizin müvafiq qurumları, o cümlədən dövlət və özəl şirkətlər arasında da əməkdaşlıq əlaqələrin bu səviyyəsinə uyğun olmalıdır. Dövlətimizin başçısı Türkmənistanda Asiya Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı Türkmənistan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.

***15:50

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi