Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanına Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığı üçün təşəkkür edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanına Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığı üçün təşəkkür edib - YENİLƏNİB Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının körfəz məsələləri üzrə dövlət nazirini qəbul edib
Xarici siyasət
10 Mart , 2017 11:51
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanına Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığı üçün təşəkkür edib - YENİLƏNİB
Azertag.az

*** 10:11

Bakı. 10 mart. REPORT.AZ Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. 

Səudiyyə Ərəbistanına rəsmi səfərini, göstərilən qonaqpərvərliyi və aparılan söhbətləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bunu dostluğumuzun yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkələrimizin bir çox istiqamətlərdə uğurlu əməkdaşlıq etdiyini bildirən dövlət başçısı bu əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı səviyyədə olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığını vurğulayan Prezident İlham Əliyev qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına bir daha təşəkkürünü ifadə edib. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Bu sahədə yaxşı perspektivlərin olduğunu bildirən dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın ölkəmizə səfəri çərçivəsində bütün bu və digər məsələlərin müzakirə olunacağına əminliyini ifadə edib.

Dövlət naziri Tamer Al-Sabha İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarını dövlət başçısına çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu deyib. Tamer Al-Sabha ölkəsinin Azərbaycan ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, iki ölkənin rəsmiləri arasında qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə təkan verəcəyini deyib. 

Dövlət başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi