Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib Görüşdə sabah Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışılıb
Xarici siyasət
11 May , 2017 20:55
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanı qəbul edib.

"Report" xəbər verir ki, dövlət naziri Tamer Al-Sabhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və məktubunu dövlət başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə sıx dostluq və əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu deyib. 

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı dostluq və qardaşlıq əsasında qurulan əlaqələrimizin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirib. Səudiyyə Ərəbistanına səfərini və səfər zamanı göstərilən qonaqpərvərliyi yaxşı xatırladığını deyən Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla apardığı danışıqların və fikir mübadiləsinin, eləcə də digər rəhbərlərlə keçirdiyi görüşlərinin onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə sabah Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışılıb, bu Oyunların İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi