Yuxarı

Prezident İlham Əliyev Rusiyanın səhiyyə nazirini qəbul edib

Azərbaycan Prezidenti: Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması ideyası qısa vaxt ərzində uğurla həyata keçirildi

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyasının səhiyyə naziri xanım Veronika Skvortsovanı qəbul edib.

"Report" xəbər verir ki, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlət başçısı Rusiyanın nüfuzlu ali təhsil ocaqlarından artıq ikincisinin Azərbaycanda fəaliyyətə başladığını vurğulayaraq bu universitetdə də təhsilin yüksək səviyyədə olacağına əminliyini bildirib. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində mükəmməl səviyyədə təhsil aldığını qeyd edən Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Mehriban Əliyevanın bu ali təhsil ocağını əla qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin universitetin muzeyində saxlanıldığını məmnuniyyətlə deyib. Rusiyanın səhiyyə naziri Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə edib.

Tələbələrdə ilk kursdan xəstələrlə işləmək bacarığı formalaşdırılmasının əhəmiyyətinə toxunan Rusiyanın səhiyyə naziri bu məqsədlə xüsusi klinikanın seçilməsi məsələsinin də müzakirə olunduğunu deyib. Professor-müəllim heyətinin peşəkarlığının ən yüksək səviyyədə olduğunu deyən nazir bu məsələnin daim nəzarətdə saxlanılacağını bildirib.

Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması ideyasının qısa vaxt ərzində uğurla həyata keçirildiyini deyib. Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan dövlət başçısı paytaxtda və regionlarda ən müasir tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb. Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanda da əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinə böyük diqqət ayrıldığını bildirib. Hər il dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərildiyini deyən dövlət başçısı bu cür ixtisaslaşmış universitetlərin ölkədə yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycala Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf etdiyi bildirilib və bu sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi