Bakı. 26 dekabr. REPORT.AZ/ "Rusiya dünya miqyasında sabitləşmə amilidir və beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır".
"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə deyib.
Azərbaycanın dövlət başçısı qeyd edib ki, Rusiya MDB-ni birləşdirən ölkə, birliyin əsas dövlətidir. Buna görə də Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə təsir edir.
"Rusiya Vladimir Putinin rəhbərliyi altında ictimai-iqtisadi inkişafda çox böyük müvəffəqiyyətlərə nail olub. Rusiya beynəlxalq aləmdə böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır", - deyə Azərbaycan Prezidenti bildirib.
***20:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında işgüzar səfərdədir.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.
Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.