Yuxarı

Prezident İlham Əliyev Rusiya baş nazirinin müavinini qəbul edib

Bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin səmərəli olduğunu qeyd edərək ötən dövr ərzində komissiya tərəfindən bir sıra məsələlərin icra olunduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu gün hər iki ölkə ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə edir. Prezident İlham Əliyev bunu əməkdaşlıq istiqamətində birgə əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndirib.

Azərbaycan ilə Rusiya arasında fəal siyasi münasibətlərin olduğunu deyən Prezident İlham Əliyev dövlət başçılarının mütəmadi əlaqələrinin mövcud olduğunu vurğulayaraq, həm şəxsi təmaslar, həm də telefon danışıqları zamanı Rusiya Federasiyasının Prezidenti ilə çoxlu vacib məsələləri müzakirə etdiklərini və gündəlikdə duran bir çox məsələlərlə bağlı qarşılıqlı anlaşma əldə edildiyini bildirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinə toxunan Prezident İlham Əliyev Azərbaycan məhsullarının Rusiyaya ixracının həcminin artırılması ilə bağlı fəal iş aparıldığını deyib. Dövlət başçısı qeyd edib ki, ölkəmiz Rusiya ixracının Azərbaycan idxalında ənənəvi olaraq mühüm yerlərdən birini, hətta birinci yeri tutmasında maraqlıdır. Əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar sahələrdə mövcud olan ikitərəfli münasibətlərə Azərbaycan tərəfinin böyük əhəmiyyət verdiyini bildirib. Dövlət başçısı, həmçinin regional miqyasda müvafiq strukturlar çərçivəsində əməkdaşlıq formatının yaradıldığını, regional forumların keçirildiyini deyib, bu istiqamətdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib. Prezident İlham Əliyev bu işə hər iki ölkənin siyasi rəhbərliyinin təkan verdiyini xüsusi qeyd edərək ölkələrin müvafiq qurumlarının vahid istiqamətdə fəaliyyət göstərdiklərini vurğulayıb.

Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin deyib: “Cənab Prezident, xüsusi qeyd etmək istərdim ki, son illər dünyada baş verən iqtisadi böhranın və karbohidrogen bazarında məlum hadisələrin mövcud olmasına baxmayaraq, Hökumətlərarası Birgə Komissiyamız əməkdaşlığı daha da genişləndirməyə nail olub. Biz bu gün görürük ki, iki dövlət başçıları arasında təmaslar nəinki artıb, bu təmaslar təkcə ikitərəfli münasibətləri deyil, hətta regional məsələlərin bütün spektrini əhatə edir”.

Dmitri Roqozin hazırda beynəlxalq aləmdə, Yaxın Şərq regionunda meydana gələn təhdid və təhlükələrin, o cümlədən terror təhlükəsinin və digər məsələlərin regional səviyyədə müzakirə edilən mühüm məsələlərdən olduğunu deyib. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı dövrdə ən yüksək səviyyədə olduğunu bildirən Dmitri Roqozin Hökumətlərarası Birgə Komissiya səviyyəsində əlaqələrin müxtəlif sahələrinin, o cümlədən iqtisadi, mədəni, təhsil və digər sahələrdə daha da genişləndirliməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayıb. Dmitri Roqozin Rusiyaya qarşı sektoral sanksiyaların tətbiq olunduğu dövrdə Azərbaycanın Rusiya Federasiyasını fəal şəkildə dəstəklədiyini vurğulayaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artığını məmnunluqla qeyd edib. O, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyada çox yaxşı tanındığını deyib, ölkəmizin məhsullarının yerləşdirilməsi üçün xüsusi anbarların yaradıldığını diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi