Yuxarı

​Prezident İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Dövlət başçısı münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçib. Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

İki ölkə və xalqlar arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlət başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb. İki ölkə arasında siyasi, iqtisadi, enerji, humanitar, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlət başçısı Polşa şirkətlərinin ölkədə, Azərbaycan şirkətlərinin isə Polşada həyata keçirilən birgə layihələrdə daha fəal iştirak etmələrinin önəmini qeyd edib.

Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi