Yuxarı

Prezident İlham Əliyev Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanını qəbul edib

Dövlət başçısı: Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlər yüksək səviyyədədir

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan Prezident İlham Əliyev iki ölkənin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib. Dövlət başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırlayib. İki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın Azərbaycana səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah Pakistan Prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Pakistanlı qonaq Azərbaycanın, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib. Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah iki xalqın münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, iki ölkə arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Prezident Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistanın Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi