Yuxarı

Prezident İlham Əliyev Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Mixalkov bu ordenə Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyev N.S.Mixalkova təbrik məktubu da göndərib. 

Məktubda deyilir: 

"Hörmətli Nikita Sergeyeviç!

Sizi – Rusiya mədəniyyətinin görkəmli xadimlərindən birini 70 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə xoşbəxtlik, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıram.

Sizin parlaq istedadınız, bugünkü və uzaq keçmişə aid hadisələrə qeyri-ordinar baxışlarınız milyonlarla pərəstişkarınızın bu qədər sevdiyi və tanıdığı bənzərsiz dəst-xəttinizi formalaşdırmağa imkan verib. Böyük rus mədəniyyəti ənənələrini qoruyub saxlamaq və artırmaq istəyi, rus xalqının tarixi zəfərlərinə görə qürur və dövlətçilik ideyasına sədaqət Sizin bütün yaradıcılığınıza nüfuz edib. Dünya kinematoqrafının inkişafına Sizin sanballı töhfəniz bir sıra prestijli mükafatlarla layiqincə qiymətləndirilib.

Sizin çoxşaxəli ictimai fəaliyyətiniz, heç şübhəsiz, postsovet məkanında humanitar əməkdaşlığın formalaşmasına böyük təsir göstərir. Ümidvaram ki, Sizin Azərbaycanın gənc kinematoqrafçıları ilə bu ilin baharında başlanmış səmərəli dialoqunuz yeni istedadlar yetişdirilməsinə və Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.

Sizə uzun ömür diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi