Yuxarı

Prezident İlham Əliyev Moldovanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Dövlət başçısı iki ölkənin qarşılıqlı ticarət və investisiya potensialından kifayət qədər istifadə olunmadığını deyib

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leukanın etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, səfir George Leuka fəxri qarovul dəstəsinin qarşısından keçib. George Leuka etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətlərin möhkəmləndirilməsi işində səfirin fəal çalışacağına ümidvar olduğunu bildirib. Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə iqtisadi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev iki ölkənin qarşılıqlı ticarət və investisiya potensialından kifayət qədər istifadə olunmadığını deyib. Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ölkələrimizin Avropa İttifaqının ümumi proqramlarında iştirak etdiklərini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın qənaətbəxş olduğunu deyib. Səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əməkdaşlığımızın inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı George Leukaya fəaliyyətində uğurlar arzulayıb.

Moldovanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri George Leuka ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. George Leuka Moldova-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığımızın və dostluq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi