​Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

​Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Səfir Qarabağ münaqişəsi məsələsində ölkəsinin Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb
Xarici siyasət
29 Oktyabr , 2015 14:52
​Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.

“Report”un xəbərinə görə, səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçib. Suzanne Mohamed Gamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev iki ölkə arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin önəmini qeyd edərək bu təmasların əməkdaşlığımızın çox müsbət göstəricisi olduğunu deyib. İki ölkə arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib. Azərbaycanın Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlət başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd edib. İki ölkənin yerləşdiyi regionlardakı vəziyyətə toxunan Prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan dövlət başçısı Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə ölkədəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi böyük insan və əsl lider kimi ehtiramla xatırlayan səfir Suzanne Mohamed Gamil Ulu Öndərin qısa zaman ərzində dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin daim şahidi olduğunu deyib. Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misir Ərəb Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi