Yuxarı

Prezident İlham Əliyev Maltanın xarici işlər nazirini qəbul edib

Dövlət başçısı: Azərbaycan ilə Malta arasında fəal tərəfdaşlıq əlaqələri mövcuddur

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Maltanın xarici işlər naziri Corc Vellanı qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev Malta Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın bu günlərdə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakını yüksək qiymətləndirib. Malta Prezidentinin səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında da müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı Maltanın Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq prosesinin fəal iştirakçısı olduğunu vurğulayıb. Maltanın baş naziri Cozef Muskatın Azərbaycana ötənilki səfərini də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu dəfə Malta xarici işlər nazirinin Bakıya səfərini iki ölkə arasında əməkdaşlığın dinamik şəkildə davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Malta arasında fəal tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyən dövlət başçısı bu əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib, Maltanın xarici işlər naziri Corc Vellanın Azərbaycana səfərinin mövcud əməkdaşlıq formatının möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Xarici işlər naziri Corc Vella Malta Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, ölkəsinin Prezidentinin Bakıya səfərindən və keçirdiyi görüşlərdən məmnun olduğunu deyib. Maltanın Azərbaycan ilə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu deyən Corc Vella ikitərəfli münasibətlərin yalnız enerji deyil, hər iki ölkə üçün qarşılıqlı faydalı ola biləcək bir sıra digər sahələrdə möhkəmləndirilməsi üçün də yaxşı potensialın olduğunu bildirdi, bu istiqamətdə imkanların araşdırılmasının vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekanın və Baş nazir Cozef Muskatın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malta Prezidentinə və baş nazirinə çatdırmağı xahiş etdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi