Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Maltanın Prezidenti Mari-Luiz Koleyro Preka ilə görüşüb

    Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb

    Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.

    “Report”un xəbərinə görə, Prezident İlham Əliyev Maltanın prezidenti Mari-Luiz Koleyro Prekaya BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirib. Dövlət başçısı bu səfəri həm də ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət kimi dəyərləndirib və ölkələrimiz arasında əlaqələrin müsbət məcrada inkişaf etdiyini söyləyib.

    Prezident İlham Əliyev Azərbaycan ilə Malta arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sahələrinin mövcud olduğunu da bildirib. Ölkəmizin bu cür mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyən dövlət başçısı xanım Prezidentin Bakıya səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu vurğulayıb.

    Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malta Prezidenti Mari-Luiz Koleyro Preka Forumun əhəmiyyəti, yüksək səviyyədə təşkili və tədbirin açılışında Prezident İlham Əliyevin məzmunlu çıxışının yaratdığı yüksək təəssüratdan danışıb. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini vurğulayan Malta Prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq perspektivlərinə də toxunub.

    Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi