Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə zəng edib

Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə zəng edib O, Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar təbriklərini çatdırıb
Xarici siyasət
29 May , 2017 19:57
Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə zəng edib

Bakı. 29 may. REPORT.AZ/ Mayın 29-da Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə telefonla zəng edib.

"Report" xəbər verir ki, dövlət başçısı Həsən Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar ona və İran xalqına təbriklərini çatdırıb, Həsən Ruhaniyə prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.

Həsən Ruhani göstərilən diqqət və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində müqəddəs Ramazan ayı və 28 May - Respublika Günü münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhlükəsizlik məsələləri, Şimal-Cənub dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf etmiş və xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxmışdır. Bildirilmişdir ki, prezidentlər səviyyəsində bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra çox önəmli müqavilələr imzalanmışdır. Əldə edilmiş bütün razılaşmalar və imzalanmış sənədlər uğurla icra olunur.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunmuşdur.

Son xəbərlər

Orphus sistemi