Yuxarı

Prezident İlham Əliyev: "İşğala son qoyulmalıdır" - FOTO

Azərbaycan prezidenti “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.

Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünyada iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu dedi. Daha sonra o, bu tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların iştirak etdiyini bildirdi və sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev ölkəmizin ərazisinə daxil olan su mənbələrinin qonşu ölkələrdə yarandığını dedi və bildirdi ki, bu, özlüyündə müəyyən təhlükələr törədir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində meşələrin məhvi ilə bağlı qanunsuz fəaliyyətlər həyata keçirilir, su mənbələri çirkləndirilir.

Dövlət başçısı bildirdi ki, Avropa Şurasının müvafiq qətnaməsində Ermənistan tərəfindən Sərsəng Su Anbarının blokadada saxlanması, Azərbaycan əhalisinin bu su mənbəyindən istifadə edə bilməməsi bəyan edilib.

Enerji təhlükəsizliyi məsələlərindən danışan prezident İlham Əliyev müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının üzləşdiyi çətinliklərə toxundu, 1994-cü ildə dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət olunduğunu dedi.

Ötən illərdə ölkəmizdə neftdən asılılığı azaltmaq üçün infrastruktura çoxlu sərmayə qoyulduğunu deyən dövlətimizin başçısı bu dövrdə ümumi daxili məhsulun həcminin artdığını, irimiqyaslı islahatların aparıldığını, geniş özəlləşdirmə proqramının həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, neftin qiymətinin dörd dəfə aşağı düşməsi indi informasiya-kommunikasiya texnologiyaları sahəsinə sərmayə qoymaq fürsəti verib və artıq Azərbaycan üçün neftdən sonrakı dövr başlayıb.

Prezident İlham Əliyev qeyd etdi ki, hazırda “Cənub” qaz dəhlizi layihəsi icra olunur, bu isə enerji təhlükəsizliyinin təmin edilməsinə, həmçinin marşrutların və enerji mənbələrinin şaxələndirilməsinə imkan verəcək. Dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsinin Azərbaycanın iqtisadi inkişafına böyük dərəcədə təsir etmədiyini bildirdi. Qeyd etdi ki, əsas məqsəd dayanıqlı inkişafın təmin olunmasıdır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəliyinin olmamasına baxmayaraq, ölkəmizdə bərpa olunan enerji mənbələri ilə bağlı genişmiqyaslı işlərin görülməsi bu prosesə töhfədir.

Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, ABŞ Senatının ətraf mühit və ictimai işlər komitəsinin üzvü Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş icraçı direktoru, Münxen Təhlükəsizlik Konfransının Məşvərət Şurasının üzvü Oliver Bate, “Green Peace International” təşkilatının sabiq icraçı direktoru Kumi Naydoo iqlim dəyişikliyi ilə bağlı ictimai rəyin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini bildirdilər. Qeyd olundu ki, iqlim dəyişikliyi təbii sərvətlərə, insanların həyat tərzinə təsir göstərir, belə olan halda insanlar iqlim mühacirlərinə çevrilirlər. Bundan əlavə, dünyada suyun səviyyəsinin artması baxımından insanların təhlükəli ərazilərdə məskunlaşmasının qarşısının alınması ilə bağlı daha çox işlər görülməlidir. Çıxış edənlər enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşdülər.

Sonra müzakirələr aparıldı.

Ermənistanın Xarici İşlər Nazirliyinin əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsi ilə bağlı ittihamlarına dair sualına cavabında prezident İlham Əliyev dedi ki, bu fikirlər tam yanlışdır. Əslində Ermənistan qeyd olunan məsələlərlə bağlı Azərbaycan tərəfindən deyil, Avropa Şurası və Avropa Parlamenti tərəfindən günahlandırılır. “Biz Ermənistanı işğala görə qınayırıq”, - deyən dövlət başçısı bununla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul olunduğunu, Ermənistanın artıq 10-dan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını həyata keçirdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, Avropa Şurasının Sərsəng Su Anbarı ilə bağlı qəbul etdiyi qətnamə Ermənistanın üzərinə öhdəlik qoyub ki, onlar daha məsuliyyətli olsunlar. Dövlət başçısı bir daha vurğuladı ki, işğala son qoyulmalıdır. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda hər şey məhv edilib. Ermənistan isə status-kvonun saxlanmasına çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi