Yuxarı

Prezident İlham Əliyev İndoneziyaya rəsmi səfərə dəvət olunub - YENİLƏNİB

Dövlət başçısı parlamentin sədr müavinini qəbul edib

*** saat 10:56

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. İki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən Prezident İlham Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlət başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Azərbaycan Prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün iki ölkə arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlət başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlət başçısına çatdırıb. Oesman Sapta Odanq 10 partiyanı təmsil edən böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayıb. O, Azərbaycan Prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya Prezidentinin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi