Yuxarı

Prezident İlham Əliyev Ərdəbil əyalətinin valisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Məcid Xudabəxş Prezident Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Son illər prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin əhəmiyyətini qeyd edən dövlət başçısı hər iki tərəfin əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini deyib. İran Prezidenti Həsən Ruhaninin avqust ayında ölkəmizə uğurlu səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı ikitərəfli və üçtərəfli məsələlərin müzakirə edildiyini vurğulayaraq bildirib ki, məqsəd Azərbaycan-İran əlaqələrini bundan sonra da uğurla inkişaf etdirmək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır. Qarşılıqlı təmasların davamlı olmasının önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin Azərbaycana böyük nümayəndə heyəti ilə səfərinin regionlararası və ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib.

İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş Prezident Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O, dövlət müstəqilliyinin 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. İlk dəfə Azərbaycana 1990-cı və 1991-ci illərdə səfər etdiyini vurğulayan Ərdəbil Əyalətinin valisi həmin səfər zamanı Bakıda, Sumqayıtda və Naxçıvanda olduğunu deyib və ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirib. Məcid Xudabəxş ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən böyük işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi olaraq vurğulayıb. Budəfəki səfərləri zamanı da Sumqayıt şəhərinə getdiklərini və burada da sürətli inkişafın şahidi olduqlarını qeyd edən Məcid Xudabəxş Sumqayıtla Ərdəbilin qardaşlaşmış şəhərlər olması ilə bağlı qərar qəbul etdiklərini məmnunluqla bildirib.

Görüşdə ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi