Yuxarı

Prezident İlham Əliyev Əlcəzairin və Monqolustanın Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnaməsini qəbul edib

Dövlət başçısı yeni səfirlərlə söhbət edib

Bakı. 12 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev yanvarın 12-də Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.

"Report" xəbər verir ki, səfir Lahssan Boufares fəxri qarovul dəstəsinin qarşısından keçib.

Lahssan Boufares etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlət başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Dövlət başçısı iki ölkənin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb. Hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər göstərdiyini deyib. Dövlət başçısı, həmçinin iki ölkənin təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahələrində də əməkdaşlığının önəmini qeyd edib. Prezident İlham Əliyev səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Lahssan Boufares Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı arzularını dövlət başçısına çatdırıb. O, Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev yanvarın 12-də Monqolustanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Badamdorj Batxişiqin etimadnaməsini də qəbul edib.

Səfir Badamdorj Batxişiq fəxri qarovul dəstəsinin qarşısından keçib.

Badamdorj Batxişiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycanın Monqolustan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə maraq göstərdiyini deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu bildirib. Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı apardıqları danışıqları məmnunluqla xatırlayan dövlət başçısı siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinin iki xalq və ölkə üçün önəmli olduğunu vurğulayıb. Azərbaycan ilə Monqolustanın biznes strukturları arasında əməkdaşlığın o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev iki ölkənin bir-birini daha yaxından tanımalarının, investisiya və biznes imkanlarının düzgün istiqamətləndirilməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı Badamdorj Batxişiqin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb. 

Səfir Badamdorj Batxişiq Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Səfir ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi iqtisadi uğurlardan danışıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. 

Dövlət başçısı Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorjun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Monqolustan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi